Rəşid Mahmudov Söyüdlüdən danışdı, təklif verdi: “Onlara heykəl qoyulsun”

“Söyüdlü kəndində bəzi polislər sakinlərlə pis rəftar ediblər, yaşlı insanların gözlərinə qəfil qaz püskürdüblər. Gədəbəylilər mərd, torpağını sevəndirlər. Erməniyə bir qarış da olsa torpaq verməyən gədəbəylilər deyilmi?!”

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.

O bildirib ki, Söyüdlü kəndində baş verən hadisəni xoşluqla da həll etmək olardı:

“Bu dövlət, torpaq, Vətən bizimdir! Onu çirkləndirmək olmaz! Bəzi insanlar bunu qəsdən dövlətə qarşı təxribat adlandırırlar. Amma gədəbəylilər dövləti və dövlətçiliyi sevən insanlardır. Xaricdə oturub özünü müxalifətçi adlandıranlar var ha, onlar ölkəni bəyənmir ki, korrupsiya, rüşvət var. Lakin unutmayın ki, güclü dövlətimiz var! Heç nə yox, Vətən müharibəsinə nəzər yetirsinlər. 300 il qələbə görməyən xalqıq biz. Bu qələbəni bizə bəxş edən isə Ali Baş Komandan İlham Əliyev və əsgərlərimiz oldu!”

R.Mahmudov deyib ki, İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı:

“300 il qələbə görməyən Azərbaycan xalqı onun siyasəti nəticəsində qələbə gördü. Bunları görən və bilən Gədəbəy əhalisi Prezidentə qarşı çıxmaz. Ona görə də baş verənləri nəyəsə bağlamaq lazım deyil. Amma insanların yaşayışı normal hala gəlməlidir. Azərbaycanlıları üz-üzə qoymaq olmaz!”

R.Mahmudov deyib ki, Prezidentə abidə ucaldılmalıdır:

“Mən təklif edərdim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin yanaşı abidəsi ucaldılsın. Əminəm ki, xalq gələcəkdə bunu edəcək. Tarixdə heç kim yox, yalnız tarix yazanlar qalacaq!”

Zaira Akifqızı
Globalinfo.az