Paşinyanın Azərbaycandan istədiyi kəndlər bunlardır – Adlar

“Paşinyan sərhədin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması razılığının olduğunu iddia edir. Bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər. Lakin Ermənistan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərini istəyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır:

“Ermənistan bu kəndlər üzərindəki nəzarəti “bütün sərhəd xətti boyunca demilitarizasiya zonasının yaradılması” ilə aradan qaldırmaq niyyətindədir.

Demilitarizasiya zonasının yaradılması müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki Azərbaycan ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.

Mümkündür ki, masada “barter” məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün “dəhliz yaratmaq” probleminə görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür. Digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var.

Və yaxud tərəflər “29,8 – 86,6” prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər”.

A.Nərimanlı deyib ki, masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik:

“Xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda. Hərçənd Azərbaycanın iki məsələdə öz mövqeyinin olduğunu deyə bilərik:

Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;

İkincisi, sərhəddə “demilitarizasiya zonası”nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi;

Bu baxımdan, Paşinyanın iddia etdiyi “menyu” üzərində razılaşmanın reallığı sual altındadır.

Əliyevin mayın 28-də Laçında səsləndirdiyi “delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq” sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır. Azərbaycan məsələni masada yox, meydan da həll edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az