pasinyan etiraz 21

“Qərb Ermənistan Baş naziri Nikol Paşinyana Azərbaycanla sülh müqaviləsinin bağlanmasında siyasi və təhlükəsizlik zəmanəti təklif edib. Paşinyan ölkəsinin “Rus NATO”su adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxmasının zəruriliyini vurğulayıb. Qeyd edim ki, KTMT Ermənistan üçün heç bir perspektiv vəd etmir və Qərbə inteqrasiyanın qarşısının alınmasında əsas baryerdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq Rusiyada etiraf edirlər ki, Qərb Ermənistandan KTMT-dən çıxmağı və Rusiya hərbi bazalarının bağlanmasını tələb edir:

“Yeni dünya nizamında Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək imkanlara malik deyil. Məhz Rusiya Ermənistanın təhlükəsizliyinə “cavabdeh” olmaqla Azərbaycana qarşı vəkalət müharibəsində Qarabağın işğalına zəmin yaratmışdı və regionda mövqeyini qoruyub saxlayırdı. N.Paşinyanın KTMT-dən çıxmaq üçün prosedurlara başlaması mümkündür. Rusiya hərbi bazalarının çıxarılmasına gəldikdə, bu, Ukrayna müharibəsində Moskvanın məğlub olmasından asılıdır.

ABŞ generalları Ermənistana mütəmadi səfərlər edirlər. Hazırda iki ABŞ generalı İrəvandadır. Onların bu səfəri əsasən Ermənistanın KTMT-dən çıxmasını təşviq etməkdən ibarətdir”.

Politoloq deyib ki, hazırda Paşinyan Qərbin siyasi dəstəyindən Azərbaycana qarşı istifadə etməyə çalışır:

“Lakin Paşinyanın anti-Azərbaycan siyasəti Qərbin strateji xəttinə ziddir. Bundan başqa, İrəvan-Moskva əlaqələrinin korlanması Azərbaycanın mövqeyini gücləndirəcək. Ermənistan rəhbərliyi Azərbaycanla bağlı siyasətində Rusiyanın mövqeyini bölüşmür. Çünki Paşinyan Kremlin mövqeyi ilə razılaşarsa, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq və böhranın davam etməsinə gətirib çıxacaq. Ona görə də Ermənistan rəhbərliyinin izlədiyi siyasi kurs Rusiya orbitindən çıxmaqla Qərbə yaxınlaşmaqdır. Bu siyasi yaxınlaşma məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir”.

M.Əsədullazadə deyib ki, Ermənistanın sülh sazişi imzalaması onun özünə xeyirdir:

“Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlaması onun müstəqilliyini artıracaq və Moskvadan asılı vəziyyətə düşməyəcək. Bunun müqabilində Moskvanın Ermənistanda terror və hərbi çevrilişə cəhd etməsi mümkün görünmür. Qərb Paşinyana Azərbaycanla sülh müqaviləsinin bağlanmasında siyasi və təhlükəsizlik zəmanəti verir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: