ehali 1

2026-cı ilə yaxınlaşdıqca əhali daha çox manatın taleyi, qiymətlərin artıb-artmayacağı və neftin ucuzlaşması ehtimalı ilə maraqlanır. Xüsusilə devalvasiya riski və gündəlik xərclərin bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə əsas suallar sırasındadır.

Globalinfo.az bu mövzuda iqtisadçı Günay Hüseynova ilə həmsöhbət olub.

– Gələn il ölkə iqtisadiyyatı üçün nə vəd edir?

Azərbaycan iqtisadiyyatı üçün bir sıra sahələrdə qiymət artımı gözlənilir. Bu, ilk növbədə xidmət sektorunda, xüsusilə də qida sahəsində proqnozlaşdırılır. Məlumdur ki, qeyri-neft sektorunun inkişafı dövlət üçün prioritet istiqamətlərdən biridir və dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması bunu açıq şəkildə göstərir. Lakin iqtisadi sabitliyin tam təmin olunmaması, bir çox sahələrdə idxaldan yüksək asılılıq və sistemli intizamın yetərincə formalaşmaması mövcud tarazlığı pozan əsas amillər sırasındadır. Bu vəziyyət bazarda müəyyən sərbəstlik yaradaraq qeyri-sabit qiymət artımına zəmin yarada bilər. Digər mühüm məsələ ərzaq məhsullarının qiymətləri, daha dəqiq desəm, aylıq inflyasiyanın artımı ilə bağlıdır. Proqnozlara görə, bu artım növbəti ilin aprel-may aylarınadək orta-yüksək səviyyədə olacaq, sonrakı aylarda nisbətən sabitləşəcək, ilin sonuna yaxın isə mövsümi amillər, kənd təsərrüfatı riskləri və qlobal iqtisadiyyatdakı dalğalanmalar fonunda yenidən artım müşahidə oluna bilər.

gunay huseynova

Günay Hüseynova

– Növbəti ildə devalvasiya riski varmı?

– İqtisadiyyat hər zaman müəyyən “sürprizlərlə” müşayiət olunur. Mövcud şəraitdə devalvasiya riski müşahidə edilmir. Lakin qlobal iqtisadiyyatda baş verə biləcək sanksiyalar və ya böhranlar valyuta bazarına qısa müddətdə təsir göstərə bilər.

– Neftin qiyməti hansı formada tənzimlənəcək?

– Qiymətlərin minimum 55, maksimum isə 70-74 dollar aralığında dəyişəcəyi ehtimal olunur. Neftin bir barelinin 50 dolların altına düşməsi isə ölkə iqtisadiyyatı üçün real risk hesab olunur.

– İnflyasiya proqnozlaşdırılırmı?

– Artıq vətəndaşlar təxminən 10 gündür inflyasiyanın ilk əlamətlərini hiss edirlər. Real təhlükə isə inflyasiyanın stagflyasiya səviyyəsinə yüksələcəyi halda yarana bilər.

Ləman İmran
Globalinfo.az

Paylaş: