“Ərdoğan Bəşər Əsədin təklifini qəbul etməyəcək” – Türkiyədən reaksiya

Suriya Prezidenti Bəşər Əsəd gözlənilmədən Rusiyaya səfər etdi. Səfər çərçivəsində Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş şərtlərində açıqladı. Belə ki, o bildirib ki, Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə razı olar.

Maraqlıdır, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədin bu şərtini qəbul edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Oqtay deyib ki, Suriyada 15 ildir vətəndaş müharibəsi gedir və artıq sülhün bərqərar olmasının vaxtıdır:

“Hazırda bu istiqamətdə müxtəlif səpkidə danışıqlar başlayıb. Suriya ilə bağlı xüsusilə 4 ölkə Türkiyə, Rusiya İran və ABŞ-ın fəaliyyəti diqqət çəkir. Türkiyə, Rusiya və İran Suriyada sülhün əldə edilməsi üçün daha aktiv təmaslar gerçəkləşdirir, təşəbbüs irəli sürür. Lakin təəssüf ki, hələlik sülhün əldə edilməsi istiqamətində yekun nəticə əldə edilə bilməyib.

Məsələ ondadır ki, Bəşər Əsəd İran və Rusiyadan aldığı dəstəyə arxayındır və bu yolla o, ərazi bütövlüyünü yenidən təmin edəcəyini düşünür. Türkiyə isə bu məqsədlə Əsəddən tamamilə fərqli görüşə sahibdir. Hesab edirəm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədin təklifini qəbul etməyəcək. Ümumiyyətlə Türkiyə tərəfi belə bir görüşün keçirilməsində maraqlı olsa da Əsədin irəli sürdüyü şərtlərin qəbulu hələlik müzakirə mövzusu deyil”.

Turan Rzayev
Globalinfo.az