Zəngəzurun qaytarılma planı – İrəvan məcburiyyət qarşısında qoyulur, ssenari işə düşür

Qarabağ zəfərindən sonra Zəngəzurun müqəddəratı məsələsi Azərbaycan ictimaiyyətində geniş müzakirə edilir. Bəzi ekspertlər hesab edir ki, Zəngəzursuz Azərbaycanın şimalı bütövləşmir və gələcəkdə təhdidlər, eskalasiyalar qaçılmaz hal ala bilər.

Ekspertlər həmçinin Ermənistanın beynəlxalq qanunlarla tanınan ərazisi olan Zəngəzurun bizim tarixi torpağımız olduğunu bildirirlər. Bunu həm də onunla əsaslandırırlar ki, Zəngəzurun Ermənistana qanunsuz şəkildə verildiyi il, ay, gün məlumdur. Bundan başqa, həm də tarixi sənədlər, arxiv materialları da var.

Prezident İlham Əliyevin isə bu məsələdə fikri, özünün də ifadə etdiyi kimi, “Zəngəzura maşınla qayıtmaqdır, tankla deyil”.

Maraqlıdır, elə bir tarixi məqam yetişə bilərmi ki, məsələ qarşılıqlı razılaşma yolu ilə həll edilsin?

Kifayət qədər mürəkkəb geopolitik vəziyyətdə bu hədəflərə çatmaq nə dərəcədə realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Zəngəzurun öz əzəli sahibinə qaytarılması beynəlxalq hüququn təməl prinsipləri və bütövlükdə fundamental hüququn fəlsəfəsi baxımından mürəkkəbdir və təəssüf ki, hazırda belə bir hüquqi mexanizm mövcud deyil:

“Məsələyə tarixilik baxımından yanaşdıqda isə, şübhəsiz ki, Zəngəzur Azərbaycana məxsusdur və onun ayrılmaz parçası olan Naxçıvanla, bütövlükdə isə Türkiyə və türk dünyası ilə bağlayan bu ərazi xalqın milli iradəsi olmadan verilib.

Elçin Mirzəbəyli

Əvvəla, həmin dövrdə müstəqilliyini formal olsa da qoruyub saxlayan bir ölkənin ərazisi ilə bağlı Rusiya bolşevikləri qərar verə bilməzdilər. Digər tərəfdən, Xalq Cümhuriyyətinin parlamenti hakimiyyəti Azərbaycan bolşeviklərinə dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılması şərtilə təhvil vermişdi və həmin dövrdə Azərbaycan kommunistləri ölkə ərazisinin bir parçasının Ermənistana güzəştə gedilməsi ilə bağlı qərar qəbul etmək hüququna malik deyildilər. Amma nəzərə almaq lazımdır ki, bu qərardan sonra Azərbaycan hüquqi baxımdan, başqa bir müstəqil subyektin – Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olub.

Zaqafqaziya SFSR 1922-ci ildə SSRİ-nin qurucularından biri kimi çıxış edib və 1936-cı ilə kimi SSRİ tərkibində öz mövcudluğunu qoruyub saxlayıb. 1936-cı ildə, “Stalin konstitusiyası”nın qəbulundan sonra isə Zaqafqaziya SFSR-in tərkibindəki dövlətlər ayrıca bir subyekt kimi, artıq birbaşa SSRİ-nin qurucusu kimi çıxış ediblər və 1936-cı ilin sərhədləri çərçivəsində SSRİ-yə daxil olublar. Yəni Azərbaycan ayrıca bir subyekt kimi SSRİ-yə Zəngəzursuz daxil olub”.

Politoloqun sözlərinə görə, SSRİ 1991-ci ildə süquta uğrayıb və sözügedən federativ, yaxud mürəkkəb konfederativ dövlətin subyektləri həmin dövrdəki sərhədləri daxilində dövlət müstəqilliklərini elan ediblər və beynəlxalq hüququn müstəqil subyektinə çevriliblər:

“Göründüyü kimi, bütün bu prosesi hüquqi baxımdan geriyə qaytarmaq mümkün deyil. Zəngəzurun Ermənistana güzəştə gedildiyi dövrdə, heç beynəlxalq hüquq deyilən anlayış da yox idi. Paris Sülh Konfransı Millətlər Liqasının Nizamnaməsini razılaşdırmışdı, lakin Azərbaycan, de-fakto müstəqilliyini itirdiyi üçün Millətlər Liqasında təmsil olunmurdu və bu o deməkdir ki, müstəqil hüququn subyekti deyildi. Düşünürəm ki, sadaladığım məqamlar bu məsələyə müəyyən qədər aydınlıq gətirdi.

Bu baxımdan, Zəngəzurun Azərbaycana qaytarılması, yəni tarixi ədalətin bərqərar olması, yalnız geosiyasi müstəvidə cərəyan edə biləcək proseslərin nəticəsi olaraq reallaşa bilər. Burada da, qənaətimə görə, bir neçə ssenari üzərində düşünmək mümkündür.

Bunlardan birincisi, Ermənistanın Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvanı birləşdirən ərazini geri qaytarmaq məcburiyyəti qarşısında qoyulmasıdır.

İkincisi, Zəngəzur dəhlizi ideyasının, məhz Azərbaycanın baxış bucağı müstəvisindən reallaşması, sözügedən ərazinin maneəsiz hərəkətin təşkili üçün Azərbaycanın təhlükəsizlik çətiri altına daxil edilməsidir. Başqa bir amil, MDB-yə və TDT-yə üzv olan ölkələrin Avropa İttifaqı modelində və təbii ki, eyni təhlükəsizlik çətiri altında, vahid təsisatda birləşmələri və dövlətlər arasındakı sərhədlərin şərti xarakter almasıdır. Bütün bu ssenarilərin həyata keçməsi isə regionda və dünyada cərəyan edə biləcək proseslərdən, qlobal konfiqurasiyanın necə dəyişəcəyindən asılıdır. Amma Zəngəzur da, digər tarixi torpaqlarımız da, ideoloji baxımdan, milli hədəflərimizin ayrılmaz bir parçası olaraq qalmalı, bir hədəflərə çatmaq üçün uyğun tarixi şəraitin yetişdiriləməsi üçün bütün mümkün addımlar atılmalıdır”.

Turan Rzayev
Globalinfo.az