Mingəçevir dəryaçasında zəlzələ: Bənd zərər görüb? – Mütəxəssis açıqladı

Noyabrın 29-u Mingəçevir su anbarında 4,5 bal gücündə baş verən zəlzələ bölgənin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Seysmik baxımdan ən təhlükəli ərazilərdən olduğu deyilən anbar ərazisində su həcminin bəzən tektonik titrəyişlərə səbəb olduğu bildirilir. Məlumatlara görə, anbarın altından zəlzələ ocaqları, dərinlik qırılması keçir. Buna görə də bənddə suyun səviyyəsinə daim nəzarət edilir və 70 sm-dan yuxarı qalmamasına çalışılır.

120 minə yaxın əhalinin məskunlaşdığı şəhərin su anbarından aşağıda yerləşməsi isə kiçik təhlükəli vəziyyətlərdə belə insanların narahatlığına səbəb olur. Suyun qarşısını kəsən bəndin zəlzələ, yaxud başqa səbəblərə görə zərər görməsi, dağılması ətraf əraziləri tamamilə su basmasına səbəb ola bilər. Təsadüfi deyil ki, ölkənin əsas istilik elektrik və su elektrik stansiyalarının yerləşdiyi, ən strateji hədəflərdən biri hesab edilən ərazi ermənilər tərəfindən dəfələrlə hədəf seçilib, hava hücumuna məruz qalıb.

Bəs ərazidə baş verən tektonik hadisələr bəndi zədələyə bilərmi?

Ənvər Əliyev

Anbardakı seysmoloji vəziyyəti və ehtimal təhlükələri Globalinfo.az-a dəyərləndirən ekoloq, seysmoloq Ənvər Əliyev vəziyyətin düşünüldüyü kimi qorxulu olmadığını bildirib:

“Azərbaycan ərazisində bir ildə 4 baldan aşağı minlərlə titrəyiş olur. Məlum olduğu kimi Mingəçevir su anbarı çökəklikdə yerləşir və 16 milyard ton tutumu var. Bəzi alimlər etiraf edirlər ki, anbardakı su müəyyən ağırlıq yaradır. Nəticədə isə tektonik hərəkətlər baş verir. Son zəlzələ isə elə də yüksək ballı, güclü olmayıb, yəni qorxulu deyil.

Mingəçevir su anbarının bəndi SSRİ-də Mircəfər Bağırovun vaxtında tikilib. Bəndin tikintisi zamanı ehtimal təhlükələr hesablanıb və nəzərə alınıb. Hətta o dövrdə bəndin uzunluğunun indikindən 3 metr daha qısa olması planlanıb. Lakin Mircəfər Bağırov bundan xəbər tutub və təcili məsələ qaldırıb. Nəticədə bu kimi təhlükəli vəziyyətlərə qarşı bənd 3 metr daha uzun şəkildə tikilib”.

Mütəxəssis bəndin tikintisi zamanı bütün ehtimalların nəzərə alındığını, kiçik ölçülü titrəyişlərin qorxulu olmadığını deyib:

“Mingəçevir su anbarının yerləşdiyi ərazidə elə də yüksək ballı zəlzələlər olmur. Suyun qarşısını kəsən bəndin dağılması üçün çox güclü zəlzələnin baş verməsi lazımdır. Uzun müddət tədqiqat aparan alimlər Azərbaycanın seysmoloji xəritəsini də hazırlayarkən həmin ərazidə əslində yüksək ballı zəlzələlərin olmayacağını qeyd ediblər.

Lakin təbiətin öz qanunauyğunluqları var, hər an hər şey baş verə bilər. Düşünürəm ki, sözügedən ərazidə texniki mühəndis işləri aparan şəxslər bu məsələləri nəzərə alırlar. Artıq yeni texnologiyalar var, bəndi gücləndirmək, lazımı şəkildə bərpa etmək mümkündür. Hesab edirəm ki, çatışmazlıqları aradan qaldırmaq üçün vacib işlər görülür. Anbarda böyük su ehtiyatı var, ölkənin əsas mənbələrindən biridir. Lakin bəndin dağılması Kür-Araz ovalığında çox ciddi fəsadlar törədə bilər”.

Ayşən Mustafa
Globalinfo.az