zelenski 2

Prezident Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubionun Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılmasının hazırda mümkün olmadığı və münaqişənin strateji dalana dirəndiyi barədə açıqlamasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Zelenski müharibə zamanı çoxsaylı çətin və çıxılmaz vəziyyətlər yaşandığını deyib:

“Biz müharibə zamanı çox fərqli məqamların şahidi olmuşuq. Çoxlu çıxılmaz və mürəkkəb vəziyyətlər yaranıb. Bəzən liderlər, siyasətçilər belə dalana dirənirlər. Halbuki müharibənin ilk günündə vəziyyət belə deyildi. Çünki bir nəfər bütöv bir xalqı dalana dirəməyə çalışdı, xalq isə ayağa qalxaraq dövlətini müdafiə etdi”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, bu vəziyyətdən çıxmaq mümkündür. Bunun üçün Moskvaya qarşı iqtisadi təzyiq artırılmalı, Ukraynaya Rusiya ərazisi üzərində “Starlink” xidmətindən istifadə imkanı yaradılmalı və Kreml ilə gələcək iqtisadi layihələr üzrə razılaşmalara yol verilməməlidir.

“Bir tərəfdən Rusiya ilə gələcək iqtisadi layihələr barədə danışıqlar aparmaq, digər yandan isə diplomatik dalandan danışmaq olmaz. Biz diplomatik dalanda deyilik. Rusiyanın iqtisadiyyatına təzyiq göstərin, onların silah sənayesinə sanksiyalar tətbiq edin. Rusiyanı satışlarla dəstəkləməyin. “Starlink”i Ukrayna üçün açın”, – Zelenski vurğulayıb.

Zelenski hesab edir ki, mövcud vəziyyəti “diplomatik dalan” adlandırmaq əslində siyasi iradənin olmamasıdır:

“Bəs burada həqiqət və dürüstlük haradadır? Hansı dalandan söhbət gedir? Bu, istəksizlikdir”, – deyə Ukrayna lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: