231220 vladimir putin Volodymyr Zelensky ew 258p c2b2d4

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktub son günlərin ən çox müzakirə olunan siyasi mövzularından birinə çevrilib. Məktubda yer alan təkliflərin tərəflər arasında birbaşa təmaslara yol açıb-açmayacağı diqqətlə izlənilir.

Bəs Zelenski və Putin arasında gözlənilən görüşün baş tutması nə dərəcədə realdır? Tərəflərin mövqeyi nədir və danışıqlar prosesi hazırda hansı mərhələdədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, hazırda Ukrayna və Rusiya prezidentləri arasında birbaşa görüşün baş tutacağını qəti şəkildə söyləmək mümkün deyil:

“İyunun əvvəlindən etibarən Zelenskinin Putinə ünvanladığı məktub və orada irəli sürülən təkliflər siyasi dairələrdə geniş müzakirə olunsa da, tərəflər hələlik görüşün tarixi, formatı və gündəliyi ilə bağlı ortaq mövqe ortaya qoymayıblar.

Məktubda atəşkəsin müzakirəsi, əsirlərin və həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi, humanitar problemlərin həlli, eləcə də liderlər səviyyəsində birbaşa görüşün təşkili kimi məsələlər yer alıb.

Bu təkliflərdən bəzilərinin reallaşma ehtimalı digərlərinə nisbətən daha yüksək qiymətləndirilir. Belə ki, əsir mübadiləsi və humanitar addımlar tərəflərin daha əvvəl də müəyyən razılaşmalara nail olduğu istiqamətlərdir. Tam atəşkəs və dövlət başçılarının görüşü isə daha mürəkkəb siyasi və hərbi amillərlə bağlıdır.

anar isayev e1749107108478
Anar İsayev

Hazırkı vəziyyətdə döyüş əməliyyatları davam edir və tərəflərin əsas tələbləri arasında ciddi fikir ayrılıqları qalır. Rusiya və Ukrayna sülhün şərtləri, təhlükəsizlik təminatları və nəzarət altında olan ərazilərin gələcək statusu kimi fundamental məsələlərdə fərqli mövqelərdən çıxış edirlər. Bu da yüksək səviyyəli görüşün təşkilini çətinləşdirən əsas amillərdən biridir.

Bu səbəbdən yaxın perspektivdə Zelenski-Putin görüşünün baş tutma ehtimalı məhdud görünür. Bununla belə, məktub diplomatik təmasların tam dayanmadığını göstərir və humanitar məsələlər üzrə müəyyən irəliləyişlər üçün zəmin yarada bilər. Münaqişənin siyasi həlli istiqamətində real dönüşün baş verməsi üçün isə tərəflərin mövqelərində daha ciddi yaxınlaşma tələb olunur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: