Ukraynanın gözlənilən əks-hücumu müxtəlif ssenarilər üzrə inkişaf edə bilər.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” qəzetinə müsahibəsində söyləyib.
“Buna nə qədər vaxt lazım gələcəyini bilmirəm. Əks-hücum müxtəlif ssenarilər üzrə gedə bilər. Lakin biz hücuma keçmək niyyətindəyik və buna hazırıq”, – deyə Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, əks-hücum Ukraynaya baha başa gələ bilər.
Prezident, həmçinin bildirib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitdə Kiyevin Şimali Atlantika Alyansına qəbuluna hazırlıq barədə siqnal verilməsə, Ukraynanın həmin tədbirdə iştirakının mənası olmayacaq.
Artıq bir neçə aydır ki, mətbuatda Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumu mövzusu geniş müzakirə olunur. Rusiya hakimiyyətinin fikrincə, Qərb ölkələri tərəfindən Ukrayna ordusunun gözlənilən hücumunun açıq müzakirəsi onların münaqişədə bilavasitə iştirakını təsdiqləyir.