Zelenski Rusiya ilə danışıqların şərtlərini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Qərb mediasının Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi barədə xəbərlərindən sonra Ukraynanın dialoqa başlamaq üçün şərtlərini açıqlayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq.

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Telegram kanalında Kiyevin şərtlərini yazıb

“Bir daha qeyd edirəm: Ukraynanın ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət… Bunlar tamamilə başa düşülən şərtlərdir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, “Vashington Post” qəzeti daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna rəhbərliyindən Rusiya ilə danışıqlara açıqlıq nümayiş etdirməyi özəl olaraq xahiş edib.

Amerikanın “The Wall Street Journal” qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan son aylarda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparıb.

Nəşrin mənbələrinin məlumatına görə, danışıqların məqsədi Ukraynada münaqişənin gərginləşməsinin, o cümlədən nüvə silahından istifadə təhlükəsinin qarşısını almaq, həmçinin iki ölkə arasında açıq rabitə kanallarını saxlamaq olub.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqlara açıq qalır, lakin hazırda onları davam etdirmək üçün heç bir yol yoxdur, çünki Rusiya tərəfi ilə hər hansı danışıqların mümkünsüzlüyü Kiyevdə qanuna çevrilib.