Zelenski avropalılara çətin qışa hazırlaşmaq barədə xəbərdarlıq edib

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə telefon söhbəti zamanı Avropa İttifaqını təcili olaraq Ukraynaya növbəti yardım tranşını ayırmağa və qurumu Rusiyaya qarşı yeni sanksiyalara çağırıb.

Zelenski avropalılara Rusiya neft və qazının ixracının azalması ilə əlaqədar çətin qış mövsümü ilə üzləşəcəkləri barədə xəbərdarlıq edərək, von der Leyenlə “Rusiyanın neft və qaz gəlirlərinin məhdudlaşdırılması üçün addımlar” barədə razılığa gəldiklərini əlavə edib.

Böyük Yeddilər (G7) qrupuna daxil olan ölkələr keçən həftə Rusiya neftinin ixracı üçün qiymət həddinin planlaşdırıldığını elan ediblər.

Kreml məhdudiyyət tətbiq edən ölkələrə neft satışını dayandıracağını bildirib.

“Bu qış Rusiya bütün avropalılara qarşı həlledici enerji zərbəsi hazırlayır” – deyə, Zelenski sentyabrın 3-də gündəlik video müraciətində bildirib.

“Rusiya bu günlərdə Avropaya enerji təzyiqini daha da artırmağa çalışır: Şimal axını ilə qazın nəqli tamamilə dayandırılıb,” o, Moskvanın Şimal axını-1 vasitəsilə təchizatı dayandırması ilə bağlı açıqlamalarından sonra bildirib.

“Rusiya qitəmizin bütün ölkələrində hər bir avropalının normal həyatını məhv etmək istəyir”, o əlavə edib.

Ukraynaya diplomatik və hərbi dəstək göstərən Avropa ölkələri Rusiyanı enerji təchizatından silah kimi istifadə etməkdə ittiham edib.

Almaniya kansleri Olaf Şolts bazar günü hökumətinin dekabrda qaz tədarükünün tamamilə kəsiləcəyi ehtimalına əsaslandığını deyib, lakin Almaniyanın qış mövsümü dözə biləcəyinə əminliyini ifadə edib.

“Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil,” Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib.

Ukraynanın baş naziri Denis Şmıhal daha əvvəl bildirib ki, Kyiev gələn həftə Avropa İttifaqından 5 milyard avro (4,98 milyard dollar) həcmində makromaliyyə yardımı tranşı gözləyir.

“Biz Aİ tərəfindən makro (maliyyə) yardımın növbəti tranşının mümkün qədər tez ayrılmasını müzakirə etdik. Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla (Rusiyaya qarşı) 8-ci (Qərb) sanksiyalar paketinin hazırlanmasının vacibliyini vurğuladı” – deyə Zelenski Twitter hesabında yazıb.

Ukraynanın birinci xanımı BBC kanalına bazar günü yayımlanan müsahibədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropa boyu enerji qiymətlərinin artmasına gətirib çıxardığını, lakin vətəni üçün bunun daha baha başa gəldiyini bildirib.

“Mən vəziyyətin çox çətin olduğunu başa düşürəm…Qiymətlər Ukraynada da artır. Lakin üstəlik bizim insanlarımız öldürülür…Buna görə də bank hesablarınızda, ya da cibinizdə qəpikləri sayanda, biz də bunu edirik və həm də itkilərimizi sayırıq,” Olena Zelenska müsahibədə bildirib.

Mənbə: Amerikanın Səsi