“Ermənistanın baş nazirinin KTMT ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistanın suverenliyinə təhdidlə bağlı bəyanatları sağlam düşüncəyə ziddir. Çünki əgər bir şey xüsusən də milli təhlükəsizliyi təhdid edirsə, o zaman Ermənistanın hələ də KTMT-də qaldığını söyləməsinin nə mənası var. Təşkilatda qalırlarsa, deməli, bunda bir növ məqsədəuyğunluq görürlər. Eyni zamanda, KTMT-nin Ermənistandan çıxdığını bildirirlər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, daha öncə Nikol Paşinyan Ümumdünya Erməni Sammitində bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun davamlı mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: