“Ermənistan bəyanat layihəsinin təsdiqində fəal iştirak edib və mətnlə bağlı təkliflər verib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O, Ermənistanın XİN başçısı Ararat Mirzoyanın imzalamadığı sənədlə bağlı sualı belə cavablandırıb.
“MDB xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən sammitində Ermənistan Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsiplərinə dair bəyanatı, o cümlədən Avrasiyada bərabərhüquqlu əməkdaşlığa xələl gətirən hər hansı zorakı diktatura cəhdlərini pisləyən bəyanatı imzalamaqdan imtina etdi. Hərçənd, sözügedən sənəd MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 7-də keçirilən iclasında qəbul edilib. Deyə bilərəm ki, Ermənistan bəyanat layihəsinin ekspert təsdiqində fəal iştirak edib və mətnlə bağlı təkliflər verib. İrəvanın təkliflərinin çoxu nəzərə alınıb. Eyni zamanda, Xarici İşlər Nazirləri Şurasının özündə Mirzoyan sənədi imzalamayıb. Amma mənə elə gəlir ki, onun niyə belə etdiyini özü deməlidir. Bu, daha yaxşı olar”, – deyə Zaxarova bildirib.
Eyni zamanda, o, bu məsələ ilə bağlı şəxsi fikrini açıqlamayacağını vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az