Azərbaycanda istehlak krediti götürən şəxslər üçün işsizlikdən sığorta xidməti ilə bağlı yeni qaydalar hazırlanır. Mərkəzi Bankın açıqlamasına görə, bu sığorta kredit götürən şəxslərin işsiz qaldıqları halda üzləşə biləcəkləri maliyyə çətinliklərini azaltmağa xidmət edəcək. İstehlak krediti götürənlər üçün sığortadan istifadə könüllü olacaq. Yeni qaydaların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur.
Kredit götürən şəxs işini itirərsə, bank qarşısında öhdəliyi necə yerinə yetiriləcək? Sığorta kreditin aylıq ödənişlərini tam qarşılayacaqmı, yoxsa bunun üçün müəyyən şərtlər olacaq? Vətəndaşlar bu xidmətdən yararlanmaq üçün əlavə nə qədər vəsait ödəməli olacaqlar?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hazırda yalnız ümumi təklif var, detalları isə məlum deyil:
“Bu məsələ ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Mərkəzi Bank müvafiq açıqlama verməlidir. Ehtimal edirəm ki, avtomobillərin kasko sığortasına bənzər şəkildə işsizlik sığortası və müvafiq sığorta haqqı tətbiq ediləcək. Ödənişlərin birdəfəlik deyil, aylıq əsasda həyata keçirilməsi, işsizlik yarandıqda isə həmin sığorta üzrə ödənişlərin alınması nəzərdə tutula bilər”.
Natiq Cəfərli
İqtisadçı bildirib ki, sui-istifadə hallarının qarşısını almaq üçün sistemdə əlavə qoruma mexanizmlərinin də tətbiqi mümkündür:
“Vətəndaşın bu xidmət üçün nə qədər əlavə vəsait ödəyəcəyi isə sığorta haqqı müəyyənləşdirildikdən sonra bəlli olacaq. Əsas məsələ sığortanın əlçatan olması və işini itirən şəxsin kredit ödənişlərini müəyyən müddət ərzində qarşılamaqla ona real dəstək verməsidir. Rəsmi qərar və məlumatlar açıqlanandan sonra məsələni daha ətraflı araşdırmaq və dolğun məlumat vermək mümkün olacaq”.
Ləman İmran
Globalinfo.az