“İranla Ermənistan arasında münasibətlərin hər zaman sıx olması təbii olaraq Azərbaycan tərəfində ciddi narahatlıq və etiraz doğurub. Azərbaycan bu narazılığını müxtəlif vaxtlarda açıq şəkildə ifadə etsə də, təəssüf ki, özünü müsəlman ölkəsi hesab edən cənub qonşumuz Tehran-İrəvan əlaqələrini heç vaxt dayandırmayıb. Hətta Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə belə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər yaxın olub”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Cavanşir Abbaslı İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərini şərh edərkən deyib.
“44 günlük müharibə zamanı da İranın atdığı bir sıra addımlar Azərbaycanda ciddi etirazla qarşılanmışdı. Xüsusilə Araz çayı üzərindən Ermənistana daşımalarla bağlı məsələlər, o cümlədən ərzaq və digər yüklərin daşınması ətrafında yaranan narazılıqlar Azərbaycanın yaddaşından silinməyib.
Bununla belə, Pezeşkianın İrəvanda səsləndirəcəyi fikirləri gözləmək lazımdır. Çünki onun verəcəyi mesajlar müəyyən mənada vəziyyətə münasibətimizi formalaşdırmaq baxımından əhəmiyyətli olacaq. Görək, Ermənistanın baş naziri İranla münasibətlər barədə hansı mövqeni ortaya qoyacaq, hansı mesajları səsləndirəcək. Bundan sonra məsələyə daha konkret qiymət vermək mümkün olacaq.
Cavanşir Abbaslı
İstənilən halda, söhbət müəyyən tədbir çərçivəsində həyata keçirilən səfərdən gedir. Bununla belə, hesab edirəm ki, İran həmin tədbirdə prezident səviyyəsində təmsil olunmaya da bilərdi. Məsələn, Tehranın xarici işlər nazirini və ya digər yüksək vəzifəli nümayəndəsini göndərməsi mümkün idi. Ancaq İran bu dəfə ən yüksək səviyyədə təmsil olunmağa üstünlük verdi. Bu məqam da diqqətdən kənarda qalmamalıdır.
Yenə də hesab edirəm ki, tələsməməli, ilk növbədə Paşinyanın İrəvanda hansı fikirləri səsləndirəcəyini və hansı siyasi mesajları verəcəyini gözləməliyik. Bundan sonra İran-Ermənistan münasibətlərinin hazırkı mərhələsi və bu səfərin mümkün siyasi nəticələri barədə daha əsaslandırılmış mövqe bildirmək olar”.
Turan Rzayev
Globalinfo.az