Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini qeyd ediblər.
Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər.
İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
***13:39
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.
Azərbaycanın müdafiə naziri bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.