baki yol

“Azərbaycanda yollarda nişanlama və yol nişanları məsələsi çox zaman təzə asfalt çəkiləndə həll edilir. Rayonlara, kəndlərə gedən elə yollar var ki, nə yol xətləri görünür, nə yaşayış məntəqəsinin adı, nə də istiqamət göstərən lövhə var. Sürücü yolu soruşa-soruşa gedir, turist isə azır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

“Hamımız xarici ölkələrdə olmuşuq. Orada xəritə açmadan belə, yoldakı işarələrlə rahat hərəkət etmək mümkündür. Hansı yoldan dönməli olduğunu, neçə kilometrdən sonra hansı məntəqəyə çatacağını lövhələr deyir. Yolları yol işarələri və məntəqə adları bəzəyir. Nə GPS, nə də xəritə lazım olur. Bizdə isə çox vaxt sürücü son anda dönməli olduğu yolu görmür, çünki nişan, ad yoxdur”.

Millət vəkili bildirib ki, lövhənin olmaması sürücü üçün vaxt itkisi olmaqla yanaşı, həm də qəzaya səbəb ola bilir, turistin ölkə haqqında təəssüratına mənfi təsir edir:

“Bu istiqamətdə bir neçə təklifim var. Birincisi, yalnız yeni yollar yox, köhnə yollar üzrə də lazımi infrastruktur proqramı təcili həyata keçirilməlidir.  İkincisi, bütün yaşayış məntəqələrinin giriş-çıxışlarında ad lövhələri məcburi standart kimi qoyulmalıdır. Üçüncüsü, turist marşrutları üzrə yol nişanları ayrıca, beynəlxalq standartlara uyğun və aydın formada olmalıdır.  Sürücü yolda çaşmamalıdır. Turist azmamalıdır. Vətəndaş öz ölkəsində yolunu soruşmaq məcburiyyətində qalmamalıdır. Yol nişanları lüks deyil, təhlükəsizlik və mədəniyyət göstəricisidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: