Yeni müharibə qaçılmazdır – “Azərbaycan Ordusu Zəngəzura girsə…”

Milli Məclisin martın 5-də keçirilən iclasında deputat Fəzail Ağamalı hazırda işğal altında olan 8 kəndin hərbi əməliyyatlarla Azərbaycan torpaqlarına birləşdirilməsi təklifi ilə çıxış edib. O qeyd edib ki, Ermənistan havadarlarının dəstəyi ilə silahlanır və müharibəyə hazırlaşır.  

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, son dövrlərdə hər iki ölkədə müharibə ritorikası artıb:

“Əvvəl Azərbaycan və Ermənistanda hər kəs sülhdən danışırdı, lakin hazırda iki ölkədə parlament səviyyəsində, eləcə də siyasətçilər tərəfindən müharibə ilə bağlı fikirlər səsləndirilir. Beynəlxalq analitik mərkəzlərin proqnozlarında, qonşu ölkələrin mediasında da müharibə məsələləri qabardılır. Bu da regionda yeni qarşıdurmanın qaçılmaz oduğunu göstərir.

Qazaxın 7 və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Son günlərdə niyəsə 4 kənd və 4 anklav olaraq qeyd edilir. Guya Qazaxda da anklavlar var. Lakin həmin kəndlərin tarixinə baxdıqda aydın olur ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Anklav yaratmaq üçün ermənilər 4 kəndlə 3 kəndin arasında 2 kilometrlik kənd salıblar. Bəs bu kənd haradan çıxdı? Ona görə də anklavlarla bağlı bu kimi fikirlərin səsləndirilməsi düzgün deyil”.

Hərbi ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı münaqişənin olacağı haqda fikirlər səsləndirilir:

“Qazax istiqamətində müharibənin olması Azərbaycana xüsusi təsir etməyəcək. Çünki Ermənistan etiraf edib ki, həmin kəndlər Azərbaycana məxsusdur. Bu, 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da əksini tapıb. Ona görə də rəsmi Bakı hər hansı hərbi əməliyyat keçirsə belə, Azərbaycana sanksiya tətbiq edilə bilməz. Ermənistanın sözügedən kəndləri qaytarıb-qaytarmayacağını isə zaman göstərəcək.

Görünür ki, Azərbaycan 8 kənd istiqamətində fokslanıb, lakin regionda gərginlik yaratmaqda maraqlı olan qüvvələr daha çox Zəngəzur üzərində müharibənin başlamasını istəyirlər. 8 kəndin işğaldan azad edilməsi Ermənistan torpaqlarının Azərbaycanın nəzarətinə keçməsi demək deyil və yeni münaqişə ocağı da yaratmayacaq. Amma Azərbaycan Ordusu Zəngəzura daxil olarsa, beynəlxalq qurumlar tərəfindən Ermənistan ərazisi hesab edilən torpaqlara girmiş kimi qiymətləndiriləcək. Bu da regionda yeni münaqişə ocağı yaradacaq”.

Safura Bənnayeva
Globalinfo.az