Ermənistan KTMT-ni tərk etmir, təşkilatın regionu tərk etdiyi təəssüratı yaradır – Şərh

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsini KTMT-dən ayırmaqda israrlıdır. Bunu onun müxalifətin suallarına verdiyi cavablar da təsdiqləyir.

Mövcud Ermənistan-Rusiya gərginliyindən Paşinyan maksimum dərəcədə istifadə etməyə, habelə Qərblə təmasları artırmağa çalışır.

Maraqlıdır, proseslər hansı istiqamətdə inkişaf edəcək? Yaxın gələcəkdə Ermənistanı hansı proseslər gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistanla KTMT arasında olan ziddiyyətlər, fikir ayrılıqları ilk deyil:

İlyas Hüseynov

“Əslində bu problem uzun müddətdir ki var. Qarşılıqlı ittihamla özünü təzahür etdirən problem bu gün daha kəskin bir hal alıb. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan bu gün belə bir təəssürat yaratmaq istəyir ki, əslində KTMT-dən çıxmaq istəmir. Əvəzində təşkilat regionu tərk edir. Gerçəkdə isə belə bir şey yoxdur və rəsmi İrəvan bu yolla KTMT-nin nüfuzunu zədələməyə çalışır”.

Politoloq deyib ki, Ermənistanın KTMT-dən uzaqlaşmasının pərdəarxasında məhz Qərb dayanır:

“Qərb Ermənistanın KTMT-ni tərk etməsi müqabilində yeni silahlar verməyi, habelə hərbi dəstək göstərəcəyinə dair söz verib. Bu gün Ermənistanda belə bir düşüncə hakimdir ki, KTMT 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı proseslərdə rəsmi İrəvanı tək qoydu. Lakin bu, doğru fikir deyil. Belə ki, Rusiya müharibə zamanı Ermənistana kifayət qədər yardım etdi. Lakin KTMT istəsə idi belə Ermənistana yardım edə bilməzdi. Çünki Azərbaycan Ermənistan ərazilərinə müdaxilə etməmişdi”.

İ.Hüseynovun sözlərinə görə, KTMT təkcə Ermənistan və Rusiyadan ibarət deyil. Təşkilatın digər ölkələri Ermənistan üçün Azərbaycan ilə münasibətləri pozmaq istəmirdi:

“Hesab edirəm, Ermənistanın KTMT-dən çıxmaq istiqamətində səylərini artırması Kremlin qəzəbini İrəvana yönəldəcək. Qərb-Rusiya toqquşması Ermənistanda özünü çox sərt şəkildə göstərəcək”.

Turan Rzayev
Globalinfo.az