Yeni biznes, yoxsa yeni problem? – “Qadınlar buna görə çətinlik çəkir”

Milli Məclisin mayın 24-də keçirilən plenar iclasında Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər müzakirə edilib. Müzakirə zamanı ən çox səsləndirilən fikirlərdən biri də Azərbaycanda qadın sahibkarların sayının kişilərdən ciddi şəkildə az olmasıdır.

Son göstəricilərə əsasən, Azərbaycanda 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur. Sahibkar qadınların 25,4 %-i kənd təsərrüfatı, 21,5 %-i ticarət, 35,3 %-i isə xidmət sektorunda fəaliyyət göstərir. Lakin yenə də qadınların iş həyatı, rəhbər vəzifələri, sahibkar fəaliyyətinə cəlb edilməsi üçün ciddi şəkildə addımların atılması olduğu bildirilir.

Azərbaycanda qadın sahibkarların sayının az olmasının səbəbi nədir? Bu istiqamətdə hansı problemlər var? Qadınların azad sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində hansı işlər görülməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Vüsalə Əhmədova bildirib ki, qadınların iqtisadi və ya sosial həyata qatılmaları üçün ilkin tələb onların məşğulluq səviyyəsinin yüksəldilməsidir:

“Sahibkar qadının formalaşması üçün ilk olaraq qadınlar hər-hansı bir iş qollarında çalışmalı, müəyyən sərmayəyə sahib olmalıdırlar. Dövlət Statistika Komitəsinin hesabatına nəzər yetirsək, ölkədəki işsiz əhalinin 57,7%-ni qadınlar, 42,3%-ni kişilər təşkil edir. Məşğul əhalinin isə 48,3% -i qadınlar, 51,7% -i kişilərdir. Bütün sahələrdə istər dövlət, istəsə də özəl müəssisələrdə gender bərabərsizliyi mövcuddur. Həmçinin, ölkədəki bütün iş qollarında rəhbər vəzifələrdə kişilər çalışır. Ədliyyə sistemində çalışan hakimlərin cinsiyyət üzrə bölgüsünə baxsaq, onlardan cəmi 91 nəfəri qadın (17%), qalan 449 nəfəri kişidir (83%). Bu göstəri demək olar ki, dəyişmir. Dövlət qulluğu vəzifələrində çalışan kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Ali 3-cü təsnifatlar üzrə inzibati vəzifə tutanların 465 nəfəri qadın (33,62%), 918 nəfəri kişidir (66,38%), 4-7-ci təsnifatlar üzrə inzibati vəzifədə çalışanların isə 5.076 nəfəri qadın (22,86%), 17.129 nəfəri kişidir (77,14%).

Ekspert qadın sahibkarların fəaliyyətləri zamanı bir çox problemlərlə üzləşdiyini bildirib:

“O cümlədən də, özəl sektordakı vəziyyət də ürəkaçan deyil, ölkə üzrə fərdi sahibkarların 21,68%-i qadın, 78,32%-i kişidir. Məlumdur ki, ölkəmizdə fərdi sahibkarlar müxtəlif maneələrlə üzləşirlər. Bu istər inhisarçılıqla bağlı problemlər, istər vergi yoxlamaları zamanı yoxlayıcı orqanın səlahiyyətlərini aşması, istərsə də istehlak kreditlərinin verilməsindəki çətinliklərlə bağlıdır. Ümumilikdə səbəblər çoxdur. Qadın sahibkarların üzləşdiyi problemlər isə daha da çoxluq təşkil edir. Bunu, sosial şəbəkələri diqqətlə izlədikdə görmək olur. Öncəliklə, ölkədə ədalətli sahibkarlıq mühiti formalaşdırılmalı, inhisarçılıq aradan qaldırılmalı, qadın sahibkarlara vergi güzəştləri edilməlidir”.


Vüsalə Əhmədova

V.Əhmədova qadınların iş həyatında hüquqlarının təmin edilməsi üçün beynəlxalq səviyyədə bir sıra rəsmi sənədlərin qəbul edildiyini deyib:

“Ümumiyyətlə, gender bərabərliyinin təmin edilməsində çətinliklərin olduğu ölkələr mütləqdir ki, bu problemləri qanunla tənzimləsin, beynəlxalq sənədlərə əsaslanaraq real addımlar atılsın. Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması Konvensiyası” deyərdim ki, beynəlxalq hüquqda qadına qarşı zorakılıqla bağlı sanksiya gücü olan ilk Konvensiyadır. İstər dövlət, istərsə də özəl sektorda qadınlara qarşı fiziki, cinsi, psixoloji və iqtisadi hərəkət və təhditlərə qarşı sənəddə önəmli sanksiyalar nəzərdə tutulur. BMT-nin ixtisaslaşmış qurumlarından biri olan “Beynəlxalq Əmək Təşkilatı” tərəfindən qəbul edilən, “qadınların iş həyatındakı vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar” çox sayda qərarlar mövcuddur. Bütün bu sənədlər qadınların kişilərlə bərabərhüquqlu formada iqtisadi və sosial həyata qatılmasını təşviq edir, onların tətbiqi vacibdir.

Qadınların istər sosial, istərsə də iqtisadi sahədə hüquqlarını qoruyan ən önəmli beynəlxalq sənədlərdən biri də BMT-nın “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”dır (GEDAW). Konvensiya, qadınların iş həyatında kişilərlə bərabər mövqe tutmasını “de facto” təmin etmək məqsədilə, tərəf dövlətlərin müvəqqəti və xüsusi tədbirlər görməsini nəzərdə tutur. Məqsəd sadəcə “de yure” bərabərlik yaratmaq deyil, bərabərliyin realda da həyata keçməsinə imkan verəcək “bərabər imkanlar siyasəti” (politics of equal opportunity) yürütməkdir”.

“Ölkədə gender bərabərliyi tam təmin olunanadək “müsbət ayrı-seçkilik” mexanizmi tətbiq etmənin qaçılmaz olduğunu düşünürəm. Qadınların geri plana atıldığı sahələrdə, xüsusilə də, ədliyyə, hüquq-mühafizə, dövlət idarəçiliyi sahələrində kvotaların müəyyən edilməsi bunun yeganə həll yoludur”, – ekspert bildirib.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Ayşən Mustafa
Globalinfo.az