“ABŞ nüvə silahının yayılması riskinə yol verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanı ilə nüvə sazişi barədə yayılan məlumatları şərh edərkən bildirib.
“ABŞ dünyada heç bir ölkə ilə nüvə silahının yayılması riskinə səbəb ola biləcək saziş bağlamaq niyyətində deyil”, – deyə o vurğulayıb.
İyulun 22-də “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadən yazıb ki, ABŞ administrasiyası Səudiyyə Ərəbistanında nüvə infrastrukturunun inkişafını nəzərdə tutan sazişi rəsmi şəkildə təsdiqləyib.
30 il müddətinə nəzərdə tutulan sazişin dəyərinin on milyardlarla dollar olduğu bildirilir. Sənədə əsasən, ABŞ şirkətləri krallıqda nüvə obyektlərinin, o cümlədən zərurət yaranacağı təqdirdə uranın zənginləşdirilməsi qurğularının tikintisində iştirak edəcəklər. Belə bir addım yalnız həm Ər-Riyad, həm də Vaşinqton tərəfindən məqsədəuyğun hesab edilərsə atılacaq.
Mənbələrin sözlərinə görə, mümkün sazişdə ABŞ tərəfi üçün nəzərdə tutulan bəzi təhlükəsizlik təminatları yer almayıb. Bu da Vaşinqtonda nüvə silahının yayılması riskləri ilə bağlı narahatlıqlara səbəb olub.
Bundan əvvəl ABŞ-da Yaxın Şərqdə yeni nüvə dövlətinin meydana çıxması ehtimalı ilə bağlı narahatlığın artdığı bildirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az