Son dövrlərdə Xırdalan şəhərində aparılan tikinti prosesləri diqqət çəkib. Xüsusilə plansız və sıx şəkildə inşa olunan həyət evləri şəhərsalma qaydalarına əməl olunmaması, infrastrukturun yüklənməsi və yaşayış şəraitinin pisləşməsi kimi ciddi problemləri gündəmə gətirib. Bu vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, vətəndaşların narahatlığını və mövcud durumla bağlı iradlarını açıq şəkildə ifadə etməsinə yol açıb.
Bu cür plansız tikintilərin qarşısının alınması və Xırdalanda şəhərsalma qaydalarının bərpası üçün hansı konkret addımlar atılmalıdır?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, Xırdalan və ona bənzər ərazilərdə şəhərsalma prosesi artıq müəyyən mərhələyə çatıb:
“Şəhərsalma qaydalarına görə, hər hansı ərazinin planlaması əvvəlcədən həyata keçirilməlidir. İnfrastruktur işləri görülməli və yalnız bundan sonra şəhərsalma prosesi başlamalıdır. Sosial obyektlərin, yaşayış evlərinin yerləşməsi və kommunal xətlər – su, qaz, kanalizasiya, elektrik xətləri, yol şəbəkəsi hamısı planlı şəkildə müəyyən edilməlidir. Amma bizdə əksi baş verir. Yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında qeyri-rəsmi razılaşmalar nəticəsində bir çox ərazilərdə böyük yaşayış massivləri yaranıb. Hazırda hökumət həmin ərazilərdə infrastruktur və kommunal xidmətlərin təmin olunması üçün addımlar atır”.
Ramil Osmanlı
Ekspert bildirib ki, bəzi ərazilərdə problemi həll etmək üçün söküntü və köçürmə işləri aparılmalıdır:
“Bu, hökumət üçün əlavə yük və vəsait tələb edir. Büdcə xərclərinin artması qaçılmazdır. Düşünürəm ki, mövcud massivlərin tam şəkildə şəhərsalma qaydalarına uyğunlaşdırılması sonrakı mərhələdə çox çətin, hətta mümkünsüz olacaq. Amma bundan sonra ən azından yeni yaşayış massivlərinin planlı şəkildə inşa olunmasına ciddi nəzarət tətbiq edilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az