Tehrandakı səfirliyə hücumla bağlı Azərbaycan tərəfinin sualları İran tərəfindən cavablandırılmalıdır.
Görüş zamanı Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə xain terror hücumundan irəli gələn məsələlər müzakirə olunub.
Nazir Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.
“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.
Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.