XİN-də diplomatik korpus üçün brifinq keçirildi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün xarici işlər nazirinin müavini Araz Əzimov tərəfindən brifinq keçirilib.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, brifinq zamanı iştirakçılar post-münaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb.

A.Əzimov müharibədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb.

İlk gündən bu mövqeyin hər kəsə aydın olduğu və prosesin üç istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıqlar masasında olduğu bildirilib. Bu gün Azərbaycanın sülh niyyətinin ən aydın təzahürünün tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanlarının olduğu qeyd edilib. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribatlar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.

Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edilməsinin qəbuledilməz olduğu bildirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Ermənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə müşayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaşma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xidmət etdiyi bildirilib.

Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini hər şeydən əvvəl bu yolun da Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.

Ermənistan tərəfinin isə bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını aldığı, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə etdiyi, yaradılan şoular ilə beynəxalq ictimaiyyəti yanlış yönləndirdiyi bildirilib. Vurğulanıb ki, Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, “Ağdam-Xankəndi” yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.

Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.

Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib.

Daha sonra, brifinq sual-cavab hissəsi ilə davam edib.