xezer 11

30 ildən artıqdır ki, Xəzər dənizinin səviyyəsi enməyə davam edir. Verilən proqnozlar o qədər də optimist deyil və gələcəkdə nələrin baş verəcəyini heç kim dəqiq bilmir. Hər bir halda, Xəzər qapalı göl olaraq su balansını itirməkdədir. Yəni Xəzərə tökülən çayların suyunda kəskin azalma müşahidə olunur. Bu azalma həm iqlim dəyişiklikləri, həm də sudan həddindən artıq istifadə ilə əlaqədardır. Müxtəlif fərziyyələr də irəli sürülür. Amma qapalı bir gölə kifayət qədər su gəlmirsə və onun səviyyəsi aşağı düşürsə, deməli, ortada su itkisi var. Bu məsələnin üzərində dayanmalıyıq.

Globalinfo.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsi çoxsaylı fəsadlara səbəb olur:

“Bu yaxınlarda dərc olunacaq son elmi araşdırmalarımız göstərir ki, Xəzərin sahillərində bataqlıqların və bataqlıq ekosistemlərinin yenidən formalaşması prosesi gedir. Yəni əvvəllər bataqlıq olan ərazilər quruyur, dəniz çəkildiyi ərazilərdə isə yeni bataqlıqlar əmələ gəlir. Təbii ki, bu dəyişikliklər Xəzər ekosisteminə çox ciddi təsir göstərir. Digər tərəfdən, gəmiçilik sektoruna da ciddi ziyan dəyir.

Gəmilər sahillərə yan ala bilmirlər. Volqa-Xəzər gəmiçilik kanalının dayazlaşması baş verir və bu, kanalın dərinləşdirilməsi üçün tələb olunan illik xərclərin getdikcə artmasına səbəb olur. Bu o deməkdir ki, Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycanın okeana çıxışı tədricən məhdudlaşır və Xəzərdə gəmiçilik iqtisadi baxımdan getdikcə daha az sərfəli olur”.

Ekspert vurğulayıb ki, Xəzəryanı ərazilərdə böyük miqrasiya dalğası da gözlənilir:

“Çünki ənənəvi gəlirləri Xəzərlə, balıqçılıqla və turizmlə bağlı olan insanlar artıq bu gəlirlərdən məhrum olurlar və alternativ qazanc mənbələri tapmaq üçün başqa ərazilərə köçürlər. Bu, çox ciddi məsələdir. Gələcəkdə daha ciddi zəncirvari reaksiyaların baş verəcəyi gözlənilir.

Buna görə də Xəzəryanı ölkələrdə yaşayan insanlar və həmin ölkələrin dövlətləri bu məsələyə çox ciddi yanaşmalıdırlar. Tədqiqatçıların iştirakı ilə müxtəlif görüşlər keçirilməli, komissiyalar yaradılmalı və gələcək üçün uzunmüddətli adaptasiya planları hazırlanmalıdır. Məqsəd baş verəcək dəyişikliklərə qarşı hansı cavab tədbirlərinin görüləcəyini müəyyənləşdirmək və hansı uyğunlaşma mexanizmləri ilə mümkün ziyanı minimuma endirməyin yollarını tapmaqdır”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Paylaş: