
İki il əvvəl Xəzər sahilində tikilmiş hasarların sökülməsi ilə bağlı tapşırıq verildi. TV-lərdə söküntü işləri haqqında reportajlar yayımlandı. Sonra naməlum səbəblərdən proses dayandırıldı.
Görəsən, Xəzər dənizini imkanlı şəxslərin “hasar mühasirəsi”ndən xilas etmək mümkün olacaqmı?
Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun fikrincə, verilən tapşırıqları vaxtında və nəzərdə tutulan qaydada icra etməyənlərin aqibəti heç də yaxşı olmur.
O deyib ki, son illər ərzində özbaşınalıq edən, insanların problemlərini həll etmək əvəzinə incidib hakimiyyətdən narazı salan icra başçılarının hansı qaydada cəzalandırıldıqlarına şahidlik etmişik:
“Dövlət başçısı bu gün tapşırıq verirsə, deməli, sabah həmin tapşırığın icrası və vəziyyəti ilə maraqlanacaq. Hansısa məmur verilən tapşırıqları icra etmək əvəzinə risk edib özfəaliyyətlə məşğul olmağa çalışırsa, bilməlidir ki, gec-tez bu əməlinin cavabını verəcək”.

Fikrət Yusifov
Sabiq nazir deyib ki, Xəzər sahillərində özəl çimərliklərin olması normal haldır:
“Lakin bələdiyyələrə aid pulsuz çimərlik ərazilərinin də olması mütləqdir. Aidiyyəti icra hakimiyyətlərinin rəhbərləri bu barədə ciddi düşünməlidirlər. Qanunsuz çəkilmiş hasarlar qeyd-şərtsiz sökülməlidir”.
Zaira Akifqızı
Globalinfo.az