
Məlum olduğu kimi, İsrailin İrana endirdiyi intensiv zərbələr nəticəsində Tehran ciddi hərbi və siyasi itkilərlə üzləşib. Müharibənin gedişi göstərir ki, İran artıq əvvəlki mövqelərini qorumaqda çətinlik çəkir. Bu prosesin fonunda diqqətlər Rusiyanın mövqeyinə yönəlib.
Moskva səssiz qalsa da, Yaxın Şərqdə formalaşan yeni güc balansı Kremlin həm Qafqazda, həm də Yaxın Şərqdə mövqelərini təhdid edə bilər.
Vaşinqtonun bölgədəki təsirini artırması Rusiyanın geosiyasi dayaq nöqtələrinin bir-bir sıradan çıxmasına gətirib çıxaracaqsa, Kremldə narahatlıq siqnallarının artması qaçılmaz görünür.
Rusiya üçün İranın zəifləməsi nə deməkdir? Müharibənin uzanması Moskvanın maraqlarına uyğun gəlirmi? Yaxud əgər Tehran məğlub olub Vaşinqtonun diktə etdiyi şərtləri qəbul edərsə, bu, Kremlin strateji planlarını poza bilərmi?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, İranla İsrail arasında müharibə bir neçə gündür davam edir və dünya dövlətləri bu qarşıdurmanın hansı nəticələrə yol aça biləcəyi, habelə hansı dövlətlər üçün əlverişli şərait yaradacağı barədə müzakirələr aparırlar:
“Təbii ki, istənilən dövlət öz prizmasından bu müharibəyə münasibət bəsləyir və reaksiya verir. Belə vəziyyətdə Rusiyanın haqqında danışdığımız müharibəyə münasibəti necədir və bu münaqişənin tez bitməsi və ya uzun çəkməsindən asılı olaraq Kreml hansı hədəfləri güdür?
İlk növbədə bu müharibə nəticəsində İranın ABŞ-nin nəzarəti altına keçməsi variantına diqqət yetirək. İran, Rusiyanın Yaxın Şərqdəki, xüsusilə ABŞ və Qərbin təsirinə qarşı ən mühüm tərəfdaşlarından biridir. Rusiya və İran Suriyada, enerji bazarlarında (OPEC+), silah satışı və anti-Qərb siyasətində sıx əməkdaşlıq edirlər. İranın ABŞ təsirinə düşməsi, Rusiyanın əsas regional tərəfdaşını və “buffer” dövləti itirməsi deməkdir.
ABŞ-ın İran üzərində nəzarəti ona bütün Yaxın Şərqdə, o cümlədən Fars körfəzi, Orta Asiya və Xəzər dənizi regionunda fəaliyyəti genişləndirməyə imkan verəcək. Rusiyanın cənub cinahı üzərində strateji təsir rıçaqları əlindən çıxacaq.
Bu isə Rusiyanın Qafqazda və Mərkəzi Asiyada – Moskvanın özünün strateji “yaxın xaric” hesab etdiyi regionlarda – təsirini faktiki olaraq əlindən alacaq”.
Əlimusa İbrahimov
Politoloq əlavə edib ki, bu, enerji bazarının da Rusiyanın nəzarətindən çıxmasına səbəb ola bilər:
“İranın böyük neft və qaz ehtiyatları var. Əgər İran ABŞ-ın təsiri altına düşərsə, o, tamamilə Qərb enerji bazarlarına qayıdacaq. Bu da qlobal səviyyədə enerji qiymətlərini aşağı sala, Rusiyanın xüsusilə Avropa və Asiyanın bəzi hissələri üzərində enerji rıçaqlarını azalda bilər.
ABŞ, artan rəqabət və alternativ təchizat marşrutları (məsələn, Rusiyadan yan keçən boru kəmərləri) vasitəsilə Rusiyadan olan enerji ixracını zəiflətmək üçün İran enerjisindən istifadə edə bilər.
ABŞ nəzarəti altına keçən İran Amerikanın hərbi və kəşfiyyat infrastrukturunu Rusiyanın sərhədinə daşıyacaq, burada ABŞ bazaları və ya logistik mərkəzləri qurulacaq.
Xəzər dənizi və Qafqaz ABŞ-nin müşahidəsi altına düşəcək. Bu, Rusiyanın NATO-nun genişlənməsi ilə artıq güclənən mühasirə vəziyyətini daha da dərinləşdirəcək.
İran eyni zamanda ABŞ və İsrailin təsirinə qarşı çıxan hərbi birləşmələr və dövlətləri – “Hizbullah”, Husilər, Suriyada Əsəd rejimi – dəstəkləyir. Əgər İran zərərsizləşdirilsə və ya ABŞ ilə yaxınlaşsa, Rusiya hibrid müharibə taktikaları və regional güc balansında dəyərli tərəfdaşlarını itirəcək.
Bundan əlavə, Rusiyanın Ukrayna ilə apardığı müharibədə İran əlindən gələn bütün vasitələrlə Rusiyanın yanındadır.
İranın məğlub olması Rusiyanın ən ciddi silah təchizatçısının itirilməsi demək olacaq.
Göründüyü kimi, İranın İsrailə məğlub olub ABŞ-nin nəzarəti altına keçməsi ABŞ-Rusiya qarşıdurmasında Rusiya üçün heç də uğurlu hesab oluna bilməz. Deməli, Kreml İranın məğlub olmaması və onu müdafiə etmək üçün hərəkətə keçməlidir.
Amma indiki halda Rusiyanın buna imkanı varmı? Təbii ki, bunu təsdiq etmək mümkün deyil. Çünki özünün başı daha şiddətli bir müharibəyə qarışıb.
Amma istənilən halda İsrailin hava hücumlarını dəf etməkdə İrana yardım etmək üçün Rusiyada hələ də mexanizmlər var. Kremlin bu mexanizmləri işə salıb-salmayacağı isə yaxın günlərdə məlum olacaq”.
Turan Rzayev
Globalinfo.az