“Xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmaq istəməməsinin arxasında müxtəlif səbəblər var. Onlardan biri də cəmiyyətdə “Azərbaycanda hər şey pisdir, Qərbdə hər şey yaxşıdır” fikridir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov həmkarı Vahid Əhmədovun “gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar” fikrinə münasibət bildirərkən deyib.
O deyib ki, Qərbin də öz çətinlikləri var:
“Amma təəssüf ki, gənclər arasında belə bir təbliğat gedir. Ona görə də, biz mütləq təbliğat işini gücləndirməliyik. İkinci məsələ isə maaşdır. Xaricdə gənclərə daha yüksək əmək haqqı verilir və bu reallıqdır. Düzdür, xaricdə xərclər çoxdur, amma maaşlar da yüksəkdir. Digər bir məsələ isə dövlət dəstəyi ilə xaricə gedən gənclərlə bağlıdır. Bəzən ölkəyə qayıtdıqda onlara kifayət qədər diqqət və qayğı göstərilmir. Məsələn, iş tapmaqda çətinlik çəkirlər”.
Deputat deyib ki, bu məsələnin üzərində ciddi düşünmək lazımdır: “Ona görə də, elə bir mexanizm qurulmalı, iş görülməlidir ki, sonda nəticəsi yaxşı olsun. Əsas məsələlərdən biri də odur ki, gənclər təhsillərini bitirib ölkəyə qayıtdıqda, dövlət onlara lazımi imkan və şəraiti yaratsın, maaşların artırılmasını nəzarətdə saxlasın”.
Təhsil eksperti Kamran Əsədov da xaricdə təhsil alan gənclərin Vətənə qayıtmamasının bir neçə səbəbi olduğunu deyib:
“Birinci səbəb odur ki, gənclərlə bağlanmış müqavilədə belə bir tələbin olmaması, ikincisi, onların təhsil aldığı müddət ərzində verilən təqaüdün qayıtdıqdan sonra aldıqları maaşdan daha çox olmasıdır. Təsəvvür edin, Avropa və ya digər ölkələrdə təhsil almağa gedənlərə üç min dollar təqaüd verilir. Vətənə gəldikdə isə 800-1000 manatlıq iş təklif edilir. Halbuki onlar mövcud bilik və bacarıqlarına görə Avropada qalıb daha yüksək əmək haqqı ala bilərlər. Ona görə də, ən vacib məqamlardan biri təminat məsələsidir”.
Zaira Akifqızı
Globalinfo.az