Məşhur TikTok istifadəçilərinin saxlanılma səbəbləri…

Son bir həftə ərzində Azərbaycanda 10 nəfərə yaxın məşhur TikTok-çu saxlanılıb. Onlar sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdikləri üçün 30 gün müddətinə həbs olunublar. Bəzi tənqidçilər, ictimaiyyət son həbsləri hökumətin sosial şəbəkə üzərində nəzarəti kimi dəyərləndirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Adil Qeybulla deyib ki, əslində, sosial şəbəkələrdəki fəaliyyət müəyyən qanunla tənzimlənir.

Onun sözlərinə görə, hər bir sosial şəbəkənin, platformanın özündə konkret olaraq hədlər var:

“Məsələn, Yutubda müəyyən məsələlər məhdudlaşdırılıb və orada müxtəlif gizli ünvanlarla çıxış etmək, fəaliyyət göstərmək mümkün deyil. Lakin TikTok, Feysbuk və “X” şəbəkəsində bu, mümkündür. Ona görə də sosial şəbəkələrdə olan fəaliyyət növü hansısa ölkənin daxili qanunları ilə ziddiyyət təşkil edirsə, artıq həmin dövlət buna reaksiya verməyə məcburdur. O cümlədən uşaqların hüquqları, uşaq pornoqrafiyası, uşaqlarda kütləvi psixoz yaratmasına hesablanan məsələlərə nəzər yetirilməli və bunun qarşısını almaq istiqamətində tədbirlər görülməlidir”.

A.Qeybullanın fikrincə, bəzən bu istiqamətdə müəyyən fəaliyyət növləri hiss olunur:

“Əlbəttə, dövlətin müvafiq strukturları bu cür həbslərlə bağlı açıqlama verməli və mütləq bunun motivini göstərməlidirlər. Motiv qətiyyən söz azadlığının məhdudlaşdırılması deyil, əksinə, ölkə qanunlarına zidd olan fəaliyyət növüdür. Fərqi yoxdur, sosial şəbəkədir, yoxsa media. Əgər bu, ölkə qanunlarını pozmağa hesablanıbsa, pozubsa, əlbəttə ki, artıq konkret ölçü götürülə bilər. Amma söz azadlığının məhdudlaşdırılmasına xidmət edən həbslərin həyata keçirilməsi normal deyil. Düşünürəm, baş verən həbslərin motivləri ilə bağlı yaxın vaxtlarda açıqlamalar veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az