Prezident İlham Əliyevin ötən həftə imzaladığı Fərman və Sərəncamların əsasən sosial islahat paketi məzmunlu olması diqqət çəkən əsas nüanslardan biridir. Başqa bir məqam isə sözügedən islahat paketinin hökumətin əleyhinə yönəltməyə çalışanların olmasıdır. Maraqlıdır ki, bu cür mühüm addıma rəğmən, hakimiyyət, aidiyyəti qurumlar, hökumətin sosial siyasəti tənqid atəşinə məruz qalıb.
Bu məsələdə problem nədən qaynaqlanır: hakimiyyətin təbliğat maşını yanlış işlədi, yoxsa qara piar fabriki daha güclü çalışdı?
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov deyib ki, sağlam tənqid hər bir cəmiyyətdə inkişafın, tərəqqinin, şəffaflığın təmin olunması istiqamətində mühüm mexanizmdir:
“Tənqid o halda faydalı olur ki, mübahisələndirilən mövcud varianta ağlabatan alternativ və yaxud reallığa uyğun həll yolu təqdim edilsin. Əks halda bu, tənqid yox, qərəz, yaxud populizm olur.
Yanvarın əvvəllərində qəbul edilən, bir çox sferaları əhatə edən növbəti sosial paket istisnasız olaraq yüksək qiymətləndirilməli addımdır. Dövlətin mövqeyi aydındır: hər bir vətəndaş davamlı və yüksək iqtisadi artımı, iqtisadi inkişafı öz həyatında hiss etməlidir”.
Deputatın sözlərinə görə, əksəriyyət artımlardan məmnundur:
“Razı qalmayanlar isə həmişəki, bəlli dairələrdir. O dairələr ki, bir qismi hakimiyyətdə olarkən 1993-cü ilin birinci yarısına qədər xalqı çörəyə möhtac qoymuşdular və xalq da onları rüsvayçı formada iqtidardan əbədi müxalifətə çevirdi. İndi onları narazı salan, əslində, bu xalqın məmnunluğudur.
Digər qrup isə populistlərdir. Məsələn, onlar siyasi səhnədə, daha doğrusu, sosial mediada varlıqlarını yalnız populist təkliflər hesabına sürdürürlər. Əslində, bu təkliflərlə çıxış edənləri nə insanların rifahı, nə dövlətin imkanları, nə də sosial-iqtisadi situasiya və reallıqlar maraqlandırır. Onlar iqtisadi proseslərin qanunauyğunluqlarını başa düşmürlər. Əlbəttə, belə spekuliyasiyaların məqsədi aydındır. Lakin bu cür ucuz populizmlə nəyəsə nail olmaq, ələlxüsus dövlətin sosial kursuna təsir etmək, xalq və hakimiyyət arasında uçurum yaratmaq cəhdləri əbəsdir”.
B.Məhərrəmov bildirib ki, vətəndaşın layiqli rifahı dövlətimizin ali məqsədidir:
“Prezident İlham Əliyev yaxın 10 il üzrə milli prioritetlərimizi müəyyən edərkən vətəndaşların, xüsusən həssas təbəqənin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsini vəzifə olaraq müəyyənləşdirib. Bu məqsədlə də ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması, eləcə də buna uyğun digər addımların atılması davam edəcək”.
Zaira Akifqızı
Globalinfo.az