Vardanyan Xankəndini tərk edir: çevrilişin anonsu verildi

“Mənim istefaya göndərilməyim doğru qərar deyildi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni milyarder, Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan Ermənistan mətbuatına müsahibəsində deyib.

O, istefaya göndərilməsinin qondarma rejim qarşısında heç bir problemi həll etmədiyini deməklə separatçıların lideri Araik Arutyunyana meydan oxuyub:

“İctimaiyyətin böyük qismi hesab edirdi ki, bu qərar xarici təzyiqin nəticəsidir. Mənim 23 fevralda istefamla bağlı söylədiklərim bu gün də dəyişməz olaraq qalır”.

Vardanyan Xankəndi ilə bağlı bütün ifadələrinə baxmayaraq Ermənistandakı siyasi proseslərlə maraqlandığını da gizlətməyib.

Milyarderin Paşinyana qarşı fəaliyyətdə olduğu və onu hansısa formada əvəzləməyə çalışması bəlli olub. Belə ki, jurnalistin İrəvanda tezliklə mer seçkisinin olacağı və burada Vardanyanın özünün adamı olanı Mane Tandilyanı dəstəkləyəcəyi ilə bağlı sualına erməni iş adamı üstüörtülü formada təsdiq cavabı verib.

“Biz Qarabağı itirmək təhlükəsi qarşısındayıq. Gərək hər şeyi edək ki, bu baş verməsin. Eyni zamanda peşəkar, böyük insanlarla komplektləşdirilmiş dövlət institutları bizim hədəflərimizin reallaşdırılmasına kömək edəcək. Bu planda qarşıdan İrəvan Şəhər Şurası seçkisi böyük əhəmiyyət kəsb edəcək. Əmin olun ki, zamanı gələndə konkret cavablar və qərarlar olacaq”, – Vardanyan bildirib.

Qeyd edək ki, Vardanyan hələ də Xankəndidədir. Onun tezliklə buranı tərk edərək İrəvanda proseslərə qoşulacağı deyilir. Rubenin Ermənistan daxilində erməni diasporu ilə gücünü son bir ayda birləşdirməsi də bunu deməyə əsas verir.

İlkin Həsənov
Globalinfo.az