Vardanyan qadın paltarında, biabırçı şəkildə… – Deputat açıqladı

Son günlər Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində maraqlı proseslər cərəyan edir. Mənbələrin yazdığına görə, artıq separatçı “lider”lər arasında parçalanma sürətlənir. Xüsusən Ermənistan hakimiyyətinin Qarabağla bağlı məsələrdən uzaqlaşması separatçıları təşvişə salıb.

2023-cü ildə Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində proseslər necə cərəyan edə bilər? Azərbaycan Ermənistanı sülhə məcburetmə vasitələrini işə salacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, 2023-cü ildə ərazimizdə suverenliyimizin təmin olunmasında ciddi addımlar atılacaq:

“Şuşa-Xankəndi yolunda bir aydan artıqdır dinc aksiya keçirilir. Bu, sərvətlərimizin talan edilməsinə qarşı fədakar mübarizədir. Mən bütün iştirakçıları alqışlayıram, özüm də bu aksiyaya qoşulmağa hazıram. Geriyə yol yoxdur və olmayacaq da! Unutmaq olmaz ki, vaxtilə Topxana  meşəsində ermənilərin vandalizminə qarşı meydanlara toplaşan milyonlarla azərbaycanlı SSRİ-nin müstəmləkə siyasətinə qarşı bütün xalqlara stimul verdi. Biz həmin xalqıq! Bu gün Xankəndi yolunda öz iradəmizi ortaya qoyuruqsa, inanıram ki, istəyimizə çatacağıq!”

F.Ağamalı deyib ki, dünyasəviyyəli dələduz və cinayətkar Vardanyan ya qadın paltarında, ya da hansısa biabırçı şəkildə oranı tərk edəcək:

“Ola bilsin ki, qandallanıb Bakıya gətirilsin və Azərbaycan qanunları qarşısında cavab versin. Onunla yanaşı terrorçu Araik Arutyunyan və digərləri də eyni taleyi yaşayacaqlar.

Cənab Prezidentin qətiyyəti və iradəsi göstərir ki, 2023-cü ildə suverenliyimiz təmin olunacaq. Ermənistanın torpaqlarımızdakı tör-töküntüləri ya silahı yerə qoyub təslim olacaqlar, ya da antiterror əməliyyatı ilə məhv ediləcəklər!

Torpaqlarımızda yaşayan, heç bir cinayətdə əli olmayan, qanunlarımızı qəbul edən ermənilər isə Azərbaycan vətəndaşı kimi normal həyat yaşayacaqlar. 2023-cü il bu baxımdan bizim üçün çox əlamətdar olacaq”.

Zaira Akifqızı
Globalinfo.az