
Toy mərasimində gəlinə kilolarla qızıl taxılması ilə gündəmə gələn və “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz İstanbulda saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamı ilə həbs olunan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan barəsində də saxlanılma qərarı verilib.
Polisdəki prosedurlar tamamlandıqdan sonra Çağla Öz Tançalan məhkəməyə çıxarılıb.
İstintaq çərçivəsində ifadə verən Mehmet Fatih Tançalan toy mərasimində həyat yoldaşına taxılan çoxsaylı qızılların onlara məxsus olmadığını bildirib. O, qızılların reklam məqsədilə müvəqqəti olaraq mərasimə gətirildiyini və toy başa çatdıqdan sonra sahiblərinə qaytarıldığını iddia edib.
Tançalan toyla bağlı xərclərin sponsorlar tərəfindən qarşılandığını, digər ödənişlərin bir hissəsini isə dostlarından aldığı borc hesabına etdiyini söyləyib.
O, həyat yoldaşının sosial mediada tanındığını və paylaşımlarının əsasən izlənmə və qarşılıqlı əlaqə toplamaq məqsədi daşıdığını qeyd edib. Tançalan bəzi paylaşımların isə ironik məzmun daşıdığını vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az