usaq telefon

Uşaqların sosial şəbəkələrdə zərərli kontentlərdən istifadə etmələri son vaxtlar ciddi müzakirə olunur. Bununla bağlı qanunvericiliyə əlavə və düzəlişlər edilməsi haqda müzakirələr başlayıb. Uşaqların rəqəmsal mühitdə daha həssas qrup olması onların zərərli məzmunlardan, kibertəzyiqdən, yanlış məlumatlardan və müxtəlif təhlükələrdən qorunmasını vacib edir. Bu baxımdan görülən tədbirlər uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafını təmin etməyə xidmət edir.

Bəs necə edək ki, övladlarımızın sağlamlığı, rifahı və gələcəyi sosial şəbəkələrdən asılı olmasın?

Globalinfo.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib ki, bu məsələdə əsas məsuliyyət ilk növbədə ailənin üzərinə düşür:

“Uşaqları sosial şəbəkələrdən tamamilə uzaqlaşdırmaq mümkünsüzdür. Bu, düzgün yanaşma da deyil. Əsas məqsəd onların rəqəmsal mühitdən təhlükəsiz, şüurlu və balanslı şəkildə istifadə etmələrinə şərait yaratmaqdır. Valideynlər övladlarının internetdə keçirdiyi vaxta və istifadə etdiyi məzmuna diqqət yetirməli, onlarla açıq və səmimi dialoq qurmalıdırlar. Uşaq bilməlidir ki, qarşılaşdığı hər hansı təhlükəli və ya narahatlıq doğuran vəziyyəti valideyni ilə rahat şəkildə bölüşə bilər. Etimad üzərində qurulan münasibət qadağalardan daha təsirli nəticə verir”.

teymur merdanoglu

Teymur Mərdanoğlu

T.Mərdanoğlunun fikrincə, uşaqların gündəlik həyatında sosial şəbəkələrdən kənar fəaliyyətlərin payı artırılmalıdır:

“İdmanla məşğul olmaq, mütaliə etmək, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, ailə üzvləri və dostlarla canlı ünsiyyət qurmaq onların sağlam inkişafına müsbət təsir göstərir. Real həyatın zənginliyi və rəngarəngliyi uşaqların virtual mühitdən həddindən artıq asılılığının qarşısını alan ən vacib amillərdəndir. Valideynlərin şəxsi nümunəsi də xüsusi əhəmiyyət daşıyır”.

Teymur Mərdanoğlu əlavə edib ki, uşaqlar gördüklərini təkrarlayırlar:

“Ailədə üzvlərin bir-biri ilə canlı ünsiyyətə üstünlük verməsi, birgə vaxt keçirməsi və rəqəmsal cihazlardan istifadə mədəniyyətinin formalaşdırılması uşaqların davranışına müsbət təsir göstərir. Unutmamalıyıq ki, uşaqların təhlükəsizliyi yalnız texniki məhdudiyyətlərlə təmin olunmur. Onların sevgi, diqqət, qayğı və anlayışla əhatə olunması, düzgün dəyərlər əsasında böyüməsi ən güclü qoruyucu vasitədir. Sosial şəbəkələr uşaqların həyatını idarə edən amilə deyil, onların təhsilinə, inkişafına və dünyagörüşünün formalaşmasına xidmət edən faydalı bir vasitəyə çevrilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: