WhatsApp Image 2026 10 09 at 15.38.55 5 1 1

Globalinfo.az istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədovla müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissə BURADA

– Vahid müəllim, son illər uşaqpulu məsələsi müzakirə olunur və bu ödənişin bərpa edilməsi təklif edilir. Sizcə, Azərbaycanda bütün ailələrə, yoxsa müəyyən meyarlar əsasında uşaqlara aylıq müavinət verilməsi üçün real iqtisadi imkan varmı? Belə bir ödənişin məbləği nə qədər ola bilər?

– Uşaq pulunun verilməsi məsələsini mən Milli Məclisdə olduğum dövrdə də dəfələrlə qaldırmışam. Çünki müəyyən sosial yardımlar verilsə də, əsas məsələ həmin vəsaitin ünvanına çatıb-çatmamasıdır. Məsələn, beş yaşınadək uşaqlarla bağlı müəyyən ödənişlər və ailələrə müxtəlif yardımlar nəzərdə tutulur. Ancaq bir məsələ var ki, yardım həqiqətən ehtiyacı olan ailəyə çatır, digər məsələ isə bu prosesdə problemlərin yaranmasıdır. Ünvanlı sosial yardımla bağlı nə qədər problem üzə çıxıb. Yardım almaq hüququ olan bəzi insanlar onu ala bilməyib, ehtiyacı olmayanlara isə vəsait ayrılıb. Təəssüf ki, bu problemlər indi də mövcuddur. Vaxtilə təklif etmişdim ki, ünvanlı sosial yardım yalnız pul şəklində verilməsin. Məsələn, ehtiyacı olan ailələrə beş, on inək və ya müəyyən sayda qoyun verilsin ki, onlar heyvandarlıqla məşğul olub məhsul yetişdirə bilsinlər. Bu formada da dəstək göstərmək mümkündür.

Uşaq pulu isə birbaşa ailəyə ünvanlanan ödənişdir. Məsələn, iki uşağı olan ailəyə hər uşaq üçün ayda 100 manat verilsə, bu vəsait birbaşa həmin ailəyə çatacaq. Heç kim onu ailənin əlindən ala bilməyəcək. Buna görə də uşaq pulunun verilməsi çox vacibdir. Digər ölkələrdə belə ödənişlər verilir, Azərbaycanda da əvvəllər uşaq pulu olub.

– Çoxuşaqlı ailə məsələsi də var. Deyirlər ki, bu qayda dəyişməlidir, 3 uşağı olanlar artıq çoxuşaqlı ailə hesab olunmalıdır.

– Bəli, digər məsələ beş uşaqlı ailələrlə bağlıdır. Mən Milli Məclisdə olduğum vaxt bu məsələni də qaldırmışam. Ancaq hazırda, xüsusilə şəhərlərdə, beş uşaqlı ailələrin sayı çox azdır. Əksər ailələrdə iki uşaq olur, üç uşaqlı ailələrə də nisbətən az rast gəlinir. Buna görə də dəstək mexanizmlərini üç uşaqlı ailələri də əhatə edəcək şəkildə genişləndirmək lazımdır ki, onlar da bu yardımdan yararlana bilsinlər. Hesab edirəm ki, uşaq pulunun verilməsi çox vacibdir və Azərbaycan dövlətinin buna imkanı var. Cənab Prezident ölkəmizin ehtiyatlarının 90 milyard dollara yaxın olduğunu qeyd edib. Bu, kifayət qədər böyük məbləğdir və dövlət büdcəsindən dörd-beş dəfə çoxdur. Uşaq pulunu mərhələli şəkildə də tətbiq etmək olar. Məsələn, əvvəlcə müəyyən yaş qrupundakı uşaqlardan başlamaq, daha sonra ödənişi 18 yaşadək uşaqları əhatə edəcək şəkildə genişləndirmək mümkündür. Bunun üçün hesablamalar aparılmalıdır. Ancaq ümumilikdə hesab edirəm ki, uşaq pulu mütləq verilməlidir.

– Vahid müəllim, bəlkə də sualım bir qədər qəribə səslənəcək. Dediniz ki, əvvəllər uşaq pulu verilirdi. 1990-cı illərdə bu ödəniş cüzi məbləğdə olsa da, mövcud idi. Maraqlıdır ki, bu gün bir çoxları keçmiş deputat, SSRİ Xalq artisti Zeynəb Xanlarovanı qınayır və iddia edirlər ki, məhz onun təklifindən sonra dövlət uşaq pulunun verilməsini dayandırıb. Bu nə dərəcədə doğrudur? Doğrudanmı, həmin qərarın qəbul edilməsində onun təklifi rol oynayıb?

– Xeyr, xeyr, xeyr. Zeynəb Xanlarovaya hörmətim var, özü də dostumdur. Allah ona can sağlığı versin. Zeynəb Xanlarovanın Milli Məclisdəki çıxışları kifayət qədər olub və o, həmin çıxışlarda həmişə xalqın mənafeyini müdafiə edib. Ancaq uşaq pulunun dayandırılması onunla əlaqəli deyil. Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində hakimiyyət dəyişikliyindən sonra dövlət büdcəsində müəyyən problemlər yarandı. Həmin dövrdə ordu quruculuğu və digər sahələr üçün böyük vəsait tələb olunurdu. Bu səbəbdən belə qərarlar qəbul edildi. Yəni burada Zeynəb Xanlarovanın hər hansı rolu olmayıb.

WhatsApp Image 2026 10 09 at 15.38.55 4 1

– Müharibə veteranları üçün nəzərdə tutulan ödənişlər də cəmiyyətin gündəmindədir. Sizcə, veteranların sosial təminatını gücləndirmək üçün mövcud ödənişlər artırılmalıdırmı? Dövlət büdcəsi baxımından bunu hansı formada həyata keçirmək mümkündür?

– 80 manatlıq ödəniş yalnız qazilərə aid deyil, veteranlara, yəni müharibə iştirakçılarına da verilir. Qazilər isə, doğrudur, daha yüksək məbləğdə ödəniş alırlar. Onların sayı da kifayət qədər çoxdur.

– Yəni 80 manatlıq ödənişi artırmaq mümkün deyil?

– Əlbəttə, mümkündür. Niyə mümkün olmasın ki? Hər şey mümkündür. Mən Milli Məclisdə olduğum dövrdə də bu məsələyə mütəmadi olaraq toxunmuşam. Mətbuatda da dəfələrlə fikrimi bildirmişəm. Ümumiyyətlə, qələbəni bizə qazandıran veteranlar, şəhidlər və qazilərdir. Ona görə də onların qayğısına qalmalı, sosial təminatlarını gücləndirməliyik. 80 manatlıq ödəniş məsələsinə mütləq yenidən baxılmalı və bu məbləğ artırılmalıdır.

– Bakıda mənzil qiymətləri və kirayə haqları əhalinin böyük hissəsinin ev sahibi olmasını çətinləşdirir. Sizcə, gəlirlər və mənzil qiymətləri arasındakı fərqi necə aradan qaldırmaq olar? Gənc ailələrin mənzil almasını asanlaşdırmaq üçün hansı mexanizmlərə ehtiyac var?

– Son vaxtlar sosial mənzillərlə bağlı müəyyən problemlər üzə çıxıb. Mən şərtlərlə tanış olmuşam və hesab edirəm ki, onlar kifayət qədər ağırdır. İlkin ödəniş yüksəkdir, aylıq ödəniş də insanların imkanlarına uyğun deyil. Üstəlik, mənzilin pulunu 25 il ərzində ödəməlisən. Məsələn, mənim köməkçim də vaxtilə belə mənzillərdən birini almışdı. Baxmışam ki, aylıq ödəniş təxminən 1000 manata yaxın olur. İnsan 1200 manat maaş alırsa, onun 1000 manatını mənzilə ödədikdən sonra qalan vəsaitlə necə dolanmalıdır? Buna görə də sosial mənzillərlə bağlı şərtlərə yenidən baxılmalıdır. Mənzil insan həyatının ən vacib ehtiyaclarından biridir. Evi olmayan insan kirayədə yaşamağa məcbur qalır. Mən də kirayədə yaşamışam və bunun nə demək olduğunu bilirəm. Hesab edirəm ki, insanların mənzillə təminatı üçün ya əvvəllər olduğu kimi vahid növbə sistemi tətbiq edilməli, ya da mövcud mexanizmlərin şərtləri yüngülləşdirilməlidir. İlkin ödənişlər və faiz dərəcələri aşağı salınmalıdır. İpoteka kreditləri üzrə müəyyən kateqoriyalara, məsələn, alimlərə güzəştlər tətbiq edilir. Bu imkanları sıravi  vətəndaşlar üçün də genişləndirmək lazımdır ki, onların mənzil probleminin həlli asanlaşsın. Əvvəllər cənab Prezidentin rayonlarda mənzil tikintisi üçün vəsait ayrılmasına dair qərarları olurdu. Məsələn, müəyyən sayda evin tikilməsi üçün maliyyə ayrılırdı. Bu, faydalı yanaşmadır və ondan yenidən istifadə etmək olar. Hansı rayonlarda mənzilə ehtiyacı olan insanlar varsa, həmin bölgələrdə evlərin tikintisi üçün vəsait ayrılmalı və ehtiyacı olan ailələr mənzillə təmin edilməlidir.

– Əhalinin Bakıda cəmləşməsi nəqliyyat və infrastruktur yükünü artırır. Sizcə, dövlət müəssisələrinin, universitetlərin və iri şirkətlərin bir qisminin regionlara köçürülməsi bu problemin həllinə nə dərəcədə təsir göstərə bilər?

– Bu, çox ciddi məsələdir və hesab edirəm ki, onun həllində gecikmişik. Azərbaycanda avtomobillərin sayı xeyli artıb. 1993-cü ildə ölkədə təxminən 350 min avtomobil var idisə, hazırda onların sayı 2 milyonu keçib. Avtomobillərin böyük hissəsi Bakıda və Sumqayıtda cəmləşib. Bu problemin həlli üçün bir neçə istiqamətdə addımlar atmaq lazımdır. Məsələn, Yaşma və Qaradağ kimi ərazilərdə yeni şəhər salmaq, bəzi nazirlikləri və ali təhsil müəssisələrini regionlara köçürmək olar. Ancaq Bakıya axının əsas səbəblərindən biri rayonlarda iş yerlərinin azlığıdır. Mən uzun illər Qubadan deputat olmuşam. Bu yaxınlarda həmin bölgədə olarkən bəzi kəndlərin boşaldığını gördüm. İnsanlar iş tapa bilmədikləri üçün rayon mərkəzlərinə və Bakıya üz tuturlar. Halbuki bir çox ərazilərdə yol, su və qaz infrastrukturu mövcuddur. Əsas problem iş yerlərinin olmamasıdır.

WhatsApp Image 2026 10 09 at 15.38.55 3

– Bəs regionlarda iş yerlərinin yaradılması və insanların paytaxta köçünün azaldılması üçün hansı addımlar atılmalıdır?

– Azərbaycanda 14 iqtisadi rayon var və hər biri üçün konkret dövlət proqramı hazırlanmalıdır. Həmin proqramlarda hansı bölgədə, hansı müddətdə və nə qədər iş yerinin yaradılacağı dəqiq göstərilməlidir. Məsələn, kənd təsərrüfatı məhsulları istehsal olunan rayonlarda emal müəssisələri yaratmaq lazımdır. Hazırda bəzi məhsulları emal etmədən, yarımfabrikat şəklində xaricə satmağa məcbur oluruq. Sumqayıtda böyük sənaye zonası yaradılıb və orada minlərlə insan çalışır. Bu cür müəssisələrin bir hissəsini Quba, Qusar və digər rayonlarda da yaratmaq mümkündür. İşğaldan azad edilmiş ərazilərdə Cəbrayıl, Füzuli və Ağdamda sənaye zonalarının qurulması da bu baxımdan əhəmiyyətlidir. Hər regionun özünəməxsus imkanları var. Kənd təsərrüfatı, sənaye və dağ-mədən sahələrinin potensialından istifadə etməklə həmin ərazilərdə yeni iş yerləri açmaq olar. Hesab edirəm ki, bu istiqamətdə beş və onillik proqramlar hazırlanmalı, regionların iqtisadi inkişafı təmin edilməlidir. Məqsəd insanların kəndlərdə və rayonlarda yaşayıb işləməsi üçün şərait yaratmaq, Bakıya axını azaltmaq olmalıdır.

– Paytaxtın köçürülməsi də tez-tez təklif olunan məsələlərdəndir. Sizcə, bu addım nə dərəcədə realdır və buna ehtiyac varmı?

– Mən paytaxtın köçürülməsinin tərəfdarı deyiləm. Bakı dünyada kifayət qədər tanınan şəhərdir, burada çoxlu tarixi abidələr var və turist axını da böyükdür. Hesab edirəm ki, paytaxtı köçürməyə ehtiyac yoxdur. Bunun əvəzinə, Bakıda müəyyən idarəetmə orqanlarını saxlamaqla, digər dövlət qurumlarını regionlara köçürmək mümkündür. Bunun heç bir problemi yoxdur.

– Minimum əməkhaqqının növbəti mərhələdə artırılması gözlənilir. İqtisadi göstəriciləri və yaşayış xərclərini nəzərə alsaq, Azərbaycanda minimum əməkhaqqı hansı səviyyədə olmalıdır? Yaxın dövrdə 600-800 manat və ya daha yüksək məbləğ real görünürmü?

– Hazırda 2027-ci ilin dövlət büdcəsi müzakirə olunur. Cənab Prezident də YAP-ın qurultayında maaşların, pensiyaların və müavinətlərin artırılacağını qeyd edib. Hazırda artımın təxminən 10 faiz olacağı, minimum əməkhaqqının isə 50 manat artırılaraq 450 manata çatdırılacağı barədə fikirlər səslənir. Ancaq indiki şəraiti, inflyasiyanı və qiymət artımını nəzərə alsaq, bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Hətta ABŞ kimi ölkələrdə də inflyasiya və qiymət artımı müşahidə olunur. Buna görə də 2027-ci ilin dövlət büdcəsi hazırlanarkən əməkhaqlarının, pensiyaların, müavinətlərin və xüsusilə minimum əməkhaqqının artırılması məsələsinə yenidən baxılmalıdır. Minimum əməkhaqqı özəl sektorda çalışanlar üçün də mühüm əhəmiyyət daşıyır. Çünki işəgötürənlər işçilərə qanunla müəyyən edilmiş minimum məbləğdən aşağı əməkhaqqı ödəyə bilməzlər. Hesab edirəm ki, 10 faizlik artım əhalini tam qane etməyəcək. Qiymət artımı və inflyasiya kifayət qədər yüksək olduğuna görə bu amillər mütləq nəzərə alınmalıdır.

WhatsApp Image 2026 10 12 at 10.00.27

– Maaş və pensiyaların təxminən 7-10 faiz artırılması müzakirə olunur. Ancaq bazarlarda və marketlərdə bəzi məhsulların qiyməti 40-60 faiz bahalaşır. Bu halda maaş və pensiya artımları insanların artan xərclərini necə qarşılaya bilər?

– Məsələ burasındadır ki, maaş və pensiya artımları əsasən dövlət sektorunda çalışanlara və pensiyaçılara şamil olunur. Amma işsiz insanlar, işləməyən və müxtəlif müavinətlər hesabına yaşayan şəxslər də var. Bizdə İşsizlikdən Sığorta Fondu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il əvvəl cənab Prezident işsiz insanlara aylıq 300 manat vəsait ödənilməsi üçün də vəsait ayırmışdı. Yəni ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb. Ancaq qiymət artımı ayrıca və ciddi problemdir. Antiinhisar Xidməti fəaliyyət göstərsə də, bazarda qiymətlər yüksəkdir. Diqqət yetirsəniz, bəzən maaş artımı elan olunmamışdan əvvəl belə qiymətlər yüksəlir. Mən özüm də bazara gedir, alış-verişimi özüm edirəm və qiymətləri görürəm. Sahibkarlar da bu məsələdə məsuliyyətli davranmalıdırlar. Biz hamımız eyni cəmiyyətin üzvləriyik. Əgər maaş 10 faiz artırılırsa, bunun ardınca qiymətləri 20-30 faiz qaldırmaq düzgün yanaşma deyil. Ümumiyyətlə, maaş və pensiyaların artımı ilə qiymət artımı arasında həmişə uyğunluq olmur. Bu sahədə müəyyən problemlər var və onların həlli üçün qiymət dinamikası da nəzərə alınmalıdır.

– Vahid müəllim, cəmiyyətdə sosial yardımla bağlı narazılıqlardan biri də budur ki, bəzi hallarda rəsmi iş yeri olan şəxslər yardım ala bilir, işsizlər isə bu imkandan yararlana bilmirlər. Üstəlik, kiçik həyətyanı sahəsi, bir neçə baş mal-qarası və ya avtomobili olan şəxslərə də sosial yardım verilmir. Bu qaydalar nə dərəcədə doğrudur?

– Bu da ciddi problemdir. Qanun müzakirə olunarkən biz bu məsələlərə toxunmuşduq. Bəzən insanın kiçik həyətyanı sahəsi, bir neçə baş mal-qarası və ya avtomobili olduğu üçün ona sosial yardım təyin edilmir. Halbuki bunların mövcudluğu həmin şəxsin maddi vəziyyətinin yaxşı olması demək deyil. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalı və qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir.

– Ümumilikdə, əhalinin gəlirləri ilə xərcləri arasındakı fərq artır. Sizcə, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əsas diqqət nəyə yönəldilməlidir: maaş və pensiyaların artırılmasına, sosial ödənişlərin yüksəldilməsinə, yoxsa qiymətlərin sabit saxlanılmasına?

– Bilirsiniz, qiymətləri sabit saxlamaq bir qədər çətin məsələdir, amma bu sahədə müəyyən müdaxilə olmalıdır. Düzdür, bazar iqtisadiyyatında qiymətlərə birbaşa müdaxilə məsələsi mürəkkəbdir. Ancaq süni qiymət artımları da mövcuddur.

Bir məsələ var ki, məhsulun qiyməti obyektiv səbəblərdən artır. Məsələn, xaricdən mal idxal edirik və idxaldan asılılığımız kifayət qədər yüksəkdir. Məhsulun daşınma, gömrük və vergi xərcləri var. Bunlar da son qiymətə təsir edir. Ancaq bəzən Azərbaycanda istehsal olunan məhsulların qiyməti də artır.

WhatsApp Image 2026 10 09 at 15.38.56 1

– Vahid müəllim, ətin qiyməti də artır. Artıq vətəndaşlar narazılıq edirlər.

– Fikir verin, mal əti bahalaşanda bir çox insan onu ala bilmədiyi üçün toyuq ətinə üz tutdu. İndi toyuq ətinin qiyməti də artıb, yumurtanın qiymətində də dəyişiklik var. Bütün bu proseslər bir-biri ilə əlaqəlidir. Bu məsələ həllini tapmalıdır. Digər tərəfdən, insanların yaşadıqları bölgələrdə işləməsi və öz əməyi ilə gəlir əldə etməsi üçün şərait yaradılmalıdır. Dövlət sektorunda çalışanların və sahibkarların müəyyən gəlir imkanları var. Amma işləmək istəyib iş yeri tapa bilməyən, gəlir əldə etmək imkanı məhdud olan insanların vəziyyəti daha çətindir. Buna görə də həmin insanlara daha çox diqqət yetirilməli, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atılmalıdır.

– Vahid müəllim, xatirələrinizi kitab şəklində nəşr etdirmək fikriniz varmı? Söhbət Azərbaycanın son 40 illik tarixində birbaşa iştirak etdiyiniz hadisələrdən gedir.

– Ümumiyyətlə, belə bir fikrim var və bununla bağlı materiallarım da hazırdır. Kitab yazmaq barədə hələ düşünürəm. Tale elə gətirib ki, Azərbaycanın müstəqillik dövründə prezidentlərin hamısı ilə təmasda olmuşam, onlarla işləmişəm, yüksək vəzifələrdə çalışmışam, millət vəkili olmuşam. Bu dövrə dair kifayət qədər maraqlı materiallarım var. Ona görə də xatirələrimi kitab şəklində nəşr etdirmək məsələsini hələlik nəzərdən keçirirəm.

– Pensiya, müavinət və maaşların azlığından, dolanışığın çətinliyindən şikayət edənlər var. Bəs siz özünüz pensiyanızın məbləğindən razısınızmı? Pensiya ilə dolanmaq sizə çətinlik yaratmır ki?

– Əslində, şikayətçi deyiləm. Həyat yoldaşımla ikimiz yaşayırıq, hesab edirəm ki, birlikdə aldığımız pensiya dolanışığımız üçün kifayət edir və ciddi problemimiz yoxdur. Bir oğlum, bir qızım var. Hər ikisi universiteti bitirib, hüquqşünasdırlar. Şükürlər olsun ki, ailə olaraq ciddi çətinliyimiz yoxdur.

Müxbir: Zaira Akifqızı
Foto:İntiqam Əhmədov
Globalinfo.az

Paylaş: