Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadla bağlı mövqeyini tənqid edib.
Globalinfo.az xəbər verir ki, Rubinyan videomüraciətində Ter-Petrosyanın 1994-cü ildə və 2026-cı ildə eyni məsələ ilə bağlı fərqli mövqelər sərgilədiyini bildirib və bunu prinsipiallıqdan uzaq davranış kimi qiymətləndirib.
Rubinyan xatırladıb ki, 1994-cü ildə Konstitusiya layihəsinin preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer almaması müxalifətin etirazına səbəb olub. Həmin vaxt hakimiyyət nümayəndələri köhnəlmiş müddəaların Konstitusiyaya daxil edilməsinin daimi münaqişə fəlsəfəsini möhkəmləndirə biləcəyini əsas gətirirdilər.
Onun sözlərinə görə, hakim qüvvənin parlamentdə konstitusiya dəyişiklikləri üçün zəruri olan üçdəiki səs çoxluğu olmadığına görə Ter-Petrosyan kompromis axtarmağa məcbur qalıb. Keçmiş prezident hətta Konstitusiyanın iki fərqli layihəsinin eyni vaxtda səsverməyə çıxarılmasını təklif edib və müxalifətin variantı qalib gələcəyi təqdirdə istefa verəcəyini bildirib.
Nəticədə referendum keçirilməyib. Kompromis prezidentin güzəşti hesabına əldə olunub və Müstəqillik Bəyannaməsinə istinad Konstitusiyanın preambulasına daxil edilib.
Rubinyan bildirib ki, 2026-cı ildə vəziyyət müəyyən mənada təkrarlanır, lakin siyasi rollar dəyişib. Belə ki, vaxtilə prezident olduğu dövrdə qarşı çıxdığı mövqeyi indi müxalifətdə olan Ter-Petrosyan müdafiə edir.
Rubinyan keçmiş prezidentin mövqeyindəki bu dəyişikliyi prinsipiallıqdan uzaq davranış kimi dəyərləndirib.
Əliyar Xəlil