ABŞ-ın bir sıra bölgələrində müşahidə olunan güclü qasırğalar ölkədə bayram hazırlıqlarına və hava nəqliyyatına ciddi təsir göstərib.
Globalinfo.Az xəbər verir ki, Şükranlıq Günü ərəfəsində ölkənin şərq və qərb sahillərində əlverişsiz hava şəraiti hökm sürür.
Güclü yağış, külək və sahilyanı ərazilərdə ciddi daşqınların baş verəcəyi proqnozlaşdırılır.
Məlumata əsasən, bu gün ABŞ ərazisində 360-dan çox aviareys ləğv edilib, 460-dan çox uçuş isə gecikib. Bir gün əvvəl isə 6 mindən artıq reys gecikmə ilə həyata keçirilib.
Şərq sahillərində formalaşan güclü qasırğanın ABŞ-ın cənub-şərq və şərq bölgələrində intensiv yağışlara, güclü küləklərə və sahilyanı daşqınlara səbəb olacağı gözlənilir. Qasırğaların təsirinin Missisipi çayının orta axını istiqamətindəki ərazilərə qədər yayılacağı, İllinoys və Missuri ştatlarında isə qar yağacağı bildirilir.
Əlverişsiz hava şəraiti Nyu-Yorkda ənənəvi Şükranlıq Günü paradına da təsir edib. Tədbirin keçirilməsi şənbə gününə təxirə salınıb.
Bununla yanaşı, ABŞ-ın qərb sahillərində yüksək qabarma və çəkilmə hadisələri davam edir. Cənubi Kaliforniyadan San-Fransisko körfəzi ərazisinə, eləcə də Oreqon və Vaşinqton ştatlarının sahillərinə qədər bir sıra bölgələrdə sahilyanı daşqın xəbərdarlıqları qüvvədədir.