Son vaxtlar ictimaiyyətdə müzakirə olunan mövzulardan biri də azyaşlıların, eləcə də yeniyetmələrin davranışlarında öz cinsiyyətlərinə uyğun olmayan jest və mimikaların müşahidə olunmasıdır. Bəzilər bunu uşaqların inkişafı prosesində yol verilən yanlışlara, bəziləri hormonal pozğunluqlara, bəziləri isə şüurlu şəkildə ortaya atılmış ideyalara bağlayırlar.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, uşaqların bir fərd kimi yetişməsində onların dünyaya gəldiyi ailələrin çox böyük təsiri var:
“Ümumiyyətlə, cəmiyyətdə bir neçə tip ailə modeli var. Bunlar “avtoritar”, “xoşxasiyyətli”, “qoruyucu”, “mükəmməliyyətçi”, “güvənverici” və s. ailə tipləridir. Fərqli ailə tipləri olduğu üçün bu ailələrdə yetişən uşaqlar da fərqli cür yetişir. Misal üçün “qoruyucu” ailə tipində valideyn övladını həddən artıq qoruyur. Belə ailələrdə böyüyən uşaqlar gələcəkdə cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Çünki mütəmadi olaraq ailə üzvləri tərəfindən qorunan uşaqlar özünə inamsız, güvənsiz və ürkək olurlar.
“Avtoritar” ailə tipində isə uşaqların sözü kəsilir, onlara özünüifadə, təsdiqləmə, söz haqqı verilmir. Belə uşaqlar hər şeydən öncə içə qapanıq olur və heç bir halda özgüvən fomalaşmır. Uşaqlıqdan kiçik xətaları belə bağışlanmadığı üçün böyüdükcə səhv etməkdən qorxur və bundan əziyyət çəkirlər.
“Xoşxasiyyət” ailə tipində isə valideynlər uşaqlara hədsiz sərbəstlik verir, qaydalar qoymur. Belə ailələrdə böyüyən uşaqlar məsuliyyətsiz, qayğısız olurlar. Bir çox hallarda belə uşaqlar sonda gözləntiləri doğrultmurlar”.
Psixoloqun sözlərinə görə, uşağı qorumaqla onu məsuliyyətsiz böyütmək fərqli şeylərdir:
“Aşağı yaşlardan uşaqların görməli olduğu işləri valideynləri görürlər. Misal üçün, uşağın çantasını belə daşımasına icazə verməyən valideynlər var. Uşaqların əziyyət çəkməsini istəməyərək kömək etməyə çalışan valideynlər anlamırlar ki, bu, uşağın sonda məsuliyyətsiz olması ilə nəticələnə bilər”.
G.Orucovanın sözlərinə görə, uşağa cinsi tərbiyə aşağı yaşlardan verilməlidir:
“Cinsi tərbiyə uşaq tərbiyəsinin bir parçası olmalıdır. Uşaqlara öz cinslərini, cinsi xüsusiyyətlərini uşaq yaşlardan izah etmək lazımdır. Bizdə isə valideynlər bunu etmədiyi kimi uşağın öz cinsini tanımasına da mane olurlar.
Oğlan və qız uşaqlarını cinsi xüsusiyyətlərinə görə tərbiyə etmək lazımdır. Bəzən görürəm ki, bəzi analar oğlan uşaqlarını dodağından öpürlər. Bundan başqa, analar oğlan uşaqlarına çəhrayı, sarı və bu kimi açıq rənglərdə paltarlar geyindirirlər. Mən demirəm ki, oğlan uşaqlarına rəngli paltar geyindirmək olmaz. Lakin unutmayaq, bu kimi önəmsiz görünən şeylər gələcəkdə uşaqlar üçün fəsadlara yol aça bilər”.
Turan Rzayev
Globalinfo.az