Ukraynanın əks-hücum əməliyyatı müharibəni bitirəcəkmi?

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu ötən həftə rusiyalı hərbçilər tərəfindən nəzarət olunan ərazilərə qarşı əks-hücum əməliyyatına başlayıb. Ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, son günlər ərzində min kvadrat kilometrdən çox ərazi azad olunub. Ukrayna ordusu Balakleya şəhərini azad etməklə yanaşı, Kupyansk şəhərinə də daxil olub. Sentyabrın 10-u isə məlum oldu ki, ukraynalı hərbçilər Rusiya bölmələrini Xarkov vilayətinin İzyum və Volçansk şəhərlərindən də sıxışdıraraq çıxarıblar.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, hazırda dünya mediası və hərbi ekspertlər Ukraynadakı hazırkı vəziyyətlə bağlı öz proqnozlarını səsləndirir.

Belə ki, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun ekspertlərinin məlumatına görə, Ukrayna hazırda müharibənin gedişatını öz xeyrinə dəyişib. Bildirilir ki, Ukrayna rəhbərliyi Xerson vilayətində əks-hücuma hazırlıq getdiyini nümayişkaranə şəkildə müzakirə edərək Rusiya tərəfinin diqqətini əsas zərbənin ediləcəyi ərazidən yayındırıb. Plan diqqətlə hazırlandığından işə yarayıb. Planın əsas tərkib hissələrindən biri isə Rusiya qoşunlarının Xerson və Xarkov vilayətlərindəki logistika xətlərinə edilən hücumlar olub. Ukrayna ordusu bunun üçün isə “HIMARS” sistemlərindən və digər Qərb silahlarından istifadə edib.

Ekspertlərin fikrincə, indi Ukrayna ordusu hərbi əməliyyatların xarakterini və yerini diqtə edə bilər. Bununla belə, ekspertlər belə hesab edir ki, Ukrayna ordusunun hazırkı əks-hücumu müharibəni başa çatdırmağa kifayət etməyəcək. Belə ki, Ukraynanın əks-hücum planına cavab olaraq, Rusiya tərəfi isə müəyyən anda yeni müdafiə xətləri qura, hətta bəzi ərazilərdə lokal hücumlar təşkil edə bilərlər. Qeyd olunur ki, Ukrayna ələ keçirilən ərazilərin azad olunması üçün növbəti hücumlar təşkil etməlidir. Məhz bu səbəbdən də, müharibənin 2023-cü ilə qədər uzanacağı vurğulanır.

Bununla belə, Böyük Britaniya kəşfiyyatı belə hesab edir ki, Ukrayna SQ-nin sürətli əks-hücum əməliyyatı Rusiyanın ümumi əməliyyat planı üçün ciddi nəticələr doğurur.

Bildirilir ki, Rusiyanın Ukraynada olan qüvvələrinin böyük hissəsi böyük ehtimalla müdafiə əməliyyatlarına üstünlük verməli olacaq.