63c7e6a32af10914c454a6d4

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 18-də ölkəsinə məxsus  helikopterin qəzaya uğraması ilə bağlı açıqlamasında bunu bədbəxt hadisə yox, müharibə adlandırıb.

Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskinin açıqlamalarına münasibət bildirərkən deyib ki, Ukrayna Rusiyanın tələblərini nəzərə almağa nə qədər tez hazır olsa, hər şey bir o qədər tez bitəcək.

Qeyd edək ki, Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Globalinfo.az-a məsələni şərh edərkən deyib ki, bu hadisə diversiya ola bilər:

“Bu, müharibənin detallarından biridir. Bizim də Qarakənd faciəsində başımıza bu cür hadisə gəlmişdi. Azərbaycanın dövlət rəhbərlərini, konkret olaraq Ayaz Mütəllibovun komandasını məhv etdilər. O da sonrakı qərarların qəbul edilməsində çox böyük uğursuzluqla üzləşdi. Zelenskinin özünün dediyi kimi, həlak olan bu şəxsləri əvəz etmək mümkün deyil. Çünki onlar müharibənin əvvəlindən peşəkarlıq, vətənpərvərlik, etibar məsələsini ortaya qoymuş adamlardır və idarəçilikdə də xeyli təcrübələri vardı. İki gün öncə isə Zelenskinin məsləhətçilərindən biri olan Oliksiy Arestoviç istefa vermişdi. Bu, müharibənin arxa planında qalan, amma onun tərkib hissələrindən biri olan proseslərdir”.

Ə.Əlibəyli qeyd edib ki, hadisənin terror olması ehtimalı var:

18277636 606

Lex Kaçinskinin təyyarəsi qəzadan sonra 

“Çünki Rusiya ilə münasibətlərdə bu bizə çox tanış ssenaridir. “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı Polşa ilə Qərb arasında qəbul edilmiş razılaşma 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin Smolensk üzərində qəzaya uğraması ilə yekunlaşdı. Kaçinskinin Rusiya ərazi dairəsi üzərində həlak olması kifayət qədər müəmmalı idi”.

Hərbi ekspert Azad İsazadə isə bildirib ki, müharibə aparan dövlətdə hərbi qulluqda olan hər hərbçi vəzifəni yerinə yetirərkən həlak olursa, o müharibənin qurbanı kimi qiymətləndirilməlidir:

“Helikopterin adi qəzaya uğradığı hesab edilsə belə onlar hərbi fəaliyyətlə məşğul idilər, ezamiyyətə gedirdilər. Ona görə Zelenskinin hadisəyə belə qiymət verməsi məntiqlidir”.

A.İsazadənin sözlərinə görə, müharibə aparan dövlətdə hər bir güc naziri kimi daxili işlər naziri də mühüm rola malikdir:

“Ukraynada təkcə polis yox, milli qvardiya da daxili işlər nazirinə tabedir. O, müdafiə naziri ilə bərabər bu müharibədə iştirak edirdi. Məşhur Melitopol döyüşən “Azov” alayı elə Daxili İşlər Nazirliyinin tərkibində olan bir hissə idi. Sözsüz, DİN-nin tabeliyində olan hərbi hissələr ümumi komandan general Valeriy Zalujniyə tabedir. Yəni burada DİN müharibədə mühüm yer tutur və hədəflərdən biridir. Amma hələlik istintaq gedir. Bu, diversiya kimi terror da ola bilər, adi qəza da. Bunu yəqin ki, istintaq göstərəcək. Amma Rusiya xüsusi xidmət orqanlarının siyahısında aradan götürülməli olan şəxslərin siyahısında birinci Zelenski, ikinci Zalujnidirsə, sonrakı yerlərdə Monastırskinin adı gəlirdi. Ona görə terror aktı olmasını hələlik istisna etmək olmaz”.

Gülnar Səlimova

Globalinfo.az

Paylaş: