Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışı ilə bağlı müzakirələr ölkənin gələcək iqtisadi və siyasi istiqaməti ətrafında suallar yaradır.
İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri fonunda belə bir addım Ermənistanın xarici ticarətinə, iqtisadi əlaqələrinə və regional siyasətinə necə təsir göstərə bilər?
Ermənistanın Aİİ-dən çıxması Azərbaycanla iqtisadi münasibətlərdə yeni imkanlar yarada bilərmi? Digər tərəfdən, Avropa İttifaqının Cənubi Qafqazda iqtisadi və siyasi mövcudluğunun genişlənməsi Azərbaycana hansı üstünlükləri qazandıra bilər? Bu proses regionda yeni iqtisadi əməkdaşlıq formatlarının formalaşmasına şərait yarada bilərmi?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov hesab edir ki, Ermənistanın yaxın müddətdə Aİİ-dən çıxarılması ehtimalı yüksək deyil:
“Rusiyanın bu istiqamətdə səsləndirdiyi bəyanatlar hələlik Ermənistan rəhbərliyinə təzyiq məqsədi daşıyır. Düşünmürəm ki, Ermənistanı yaxın müddətdə Aİİ-dən çıxarsınlar. Hesab edirəm ki, bu, hələlik Rusiyanın təhdidləridir. Rusiya müxtəlif istiqamətlərdən Ermənistan rəhbərliyinə təzyiq göstərir. Bu bəyanatlar müəyyən müddət ərzində, əsasən, təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Ermənistanın Aİİ-dən çıxması baş versə, İrəvanın siyasətində ciddi dəyişikliklər olacaq. Çünki Rusiya Ermənistandan müəyyən mənada asılıdır. Ermənistanda Rusiya hərbi bazası yerləşir, sərhədlərdə rusiyalı hərbçilər xidmət edir. Bundan başqa, Ermənistanın dəmir yolu infrastrukturu, nəqliyyat xətləri və qaz təchizatı Rusiyadan asılıdır. Ermənistan tərəfi də əks addımlar ata bilər. Buna görə də Rusiya ciddi addımlar atmaqdan çəkinə bilər.
Murad Sadəddinov
Bu proses baş versə, Azərbaycanın Ermənistanla iqtisadi əlaqələri genişlənə bilər. Türkiyə ilə münasibətlər də inkişaf edə bilər. İran ətrafında müxtəlif sanksiyalar mövcud olsa da, Ermənistanın bu ölkə ilə əlaqələri də genişlənə bilər. Ən mühümü isə İrəvan Avropa ilə münasibətlərini inkişaf etdirmək imkanı qazana bilər.
Avropa İttifaqının Ermənistanda mövcudluğunun genişlənməsi bizim üçün o qədər də mənfi hal deyil. Çünki Azərbaycanın da Avropa İttifaqı ilə özünəməxsus münasibətləri var.
Azərbaycanın və Ermənistanın Aİ ilə əlaqələri bir-birindən fərqlənir. Azərbaycan Avropa İttifaqı üçün daha vacib tərəfdaşdır. Buna görə də bu prosesin ölkəmizə ciddi mənfi təsir göstərəcəyini düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az