İki azərbaycanlını öldürən rus hərbçini nə gözləyir? – Hüquqşünas

Xəbər verdiyimiz kimi, avqustun 13-də rus hərbçiləri Ukrayna ərazisində iki həmvətənimizin – Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləri Əzizov Orxan və Qədirov Ramizin tərəvəz gətirdiyi avtomobilin üzərindən tankla keçərək onları vəhşicəsinə qətlə yetiriblər. Baş verənlərlə bağlı Azərbaycan tərəfi hansı addımları ata bilər?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev deyib ki, mülki şəxslərin öldürülməsi hərbi cinayət hesab olunur:

“Əvvəlki vaxt olsaydı, cinayətlə bağlı Avropa Məhkəməsinə şikayət etmək olardı. Lakin artıq Rusiya Avropa Şurasının üzvü olmadığı üçün bu, mümkün olmayacaq. Azərbaycan dövləti buna görə qarşı tərəfə nota verə, diplomatik addım ata bilər. Əslində, bunu daha çox Ukrayna etməlidir, çünki mülki şəxs onun ərazisində qətlə yetirilib. Çox güman ki, edəcək də”.

Hüquqşünas Ukraynanın tez-tez dinc əhalinin öldürülməsi ilə bağlı BMT və digər qurumlara, məhkəmələrə müraciət etdiyini bildirib:

“Ukraynadakı səfirliyimiz rəsmi Kiyevə dəstək olmalıdır. Rus hərbçiləri artıq bağçalara, evlərə, obyektlərə atəş açmağa, dinc əhalini qətlə yetirməyə adət ediblər. Amma dediyim kimi, dövlətimiz bu məsələyə etirazını bildirməlidir”.

Zaira Akifqızı
Globalinfo.az