Ucarda sakin, 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının bəzi təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a onun əmisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar: “Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı”.
Əmisi bildirib ki, Ə.Hacyev 9-cu sinfi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.
Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlu Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.
***17:12
Ötən gün Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən su arxında boğulan 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti tapılıb.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, o, bu il Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyinin 9-cu sinfini bitirib.
Onun atası Məhəmməd Hacıyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. M.Hacıyev Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının hərbçisidir. Mərhum yeniyetmə özü də hərbi liseylərə qəbul üçün sənədlərini təqdim edib. Lakin nəticələr hələlik açıqlanmayıb.
Qeyd edək ki, yeniyetmənin meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.