“Tiranlıq ağacını sulayanların özləri onun barını dərməyə məhkumdur”
Hər dəfə bu haqda yazmaq istəyəndə dönüb Tanrıdan “hardasan?” deyə soruşmaq istəyirəm. Ancaq boylananda taxt-tacının boş olduğunu görürəm. Hiss edirəm ki, göylərdə axtardığım güvənc ən uzaq xəyallarımdan da o tayda imiş. Mən bir ömür bu Haqq adına Tanrı göylərinə güvənib həqiqətə, insanlığa, ləyaqətə, urvata… simsar oldum. O isə məni övlad dağı ilə “mükafatlandırdı”. Görəsən asi çıxsa idim mükafatım nə olardı?
Hələ ömrünün 27-ci baharının içində olan oğlum, nəfəsim, nəfəsliyim Ucal Bayramov 08 sentyabr 2026-cı ildə “Şəki yaylası” adlı istirahət mərkəzində harınlığın və tiranlığın yaratdığı “ölüm maşını”nın qurbanına çevirildi – dostu Coşqun Məmmədovla birgə.
Bu qətl rəsmi dövlət qurumlarının bəyanatlarında, media subyektlərində iki gəncin faciəsi kimi təqdim olunur. Və yəqin ki, istintaq da faciənin, qətlin bu aspektinə daha çox meyllənir. Görəsən haqlıdırlarmı?
Qətlin yalnız kəmiyyətlə ölçüldüyü mühitdə haqq, insanlıq, ədalət qiyyə çəkib hönkürür, çırpınıb özünə əl qatır, dərd çaşqınlıq içində harda duracağını ayırd edə bilmir, həyat elə bir çirkaba bələnir ki, hamı ondan eymənir, ən ucuz qiymətə təklif olunsa belə kimsə onu almaqda həvəsli görünmür.
Qətlin arxasında doğmaların, dostların, haqqa ümidli yaşayanların sinələrinə çalın-çarpaz çəkilən dərd dağı özü də məgər qətl deyilmi? Məgər qətl etmək yalnız bir ömrün fiziki varlığınımı məhv etməkdir? Bəs övlad yüklü diləklərin, övlad ətirli istəklərin, övlad qoxulu arzuların məhv edilməsinin özü daha müdhiş cinayət əməli deyilmi, bunlar qətl faktı hesab olunmurmu? Biz həyatımızı yavaş-yavaş əlimizdən alan ölüm maşınlarına seyrçi qaldıqca o, daha həvəslə canımıza susamırmı?
Kimlərdi həyatı bizim üçün bu qədər dəyərsizləşdirən, onu çirkaba qərq edən? Kimlərdi ömrümüzün mənasını, məzmununu kəmiyyət içində basdıracaq qədər hünərli olanlar?
Konveyer kimi işləyən bu qətl maşınları növbə ilə qurbanlar gözləmirmi? Bu ölüm maşınlarının qurucuları susdurulmayınca bizlərin hər biri öz növbəsini gözləyən qurbanlara bənzəmirikmi? Sükutla öz qurbanlıq növbəsini gözləyənləri yalnız qəssabxanalarda, sallaqxanalarda görə bilərik. Bəs cəmiyyət harınlığın əlində qəssabxanaya çevirilirsə haqq deyərək sığınacağımız ünvanı harada axtarmalıyıq?
Axı sinələrə çəkilən bu sağalmaz çalın-çarpaz dağın özü də cinayətlərin ən müdhişi deyilmi? Bəs biz bu gerçəyi qanunlarımızda niyə təsbit etmirik? Niyə dövlətimizin ədalət divanına çıxarmırıq? İnsanları sonsuz ağrı-əzaba, iztiraba, müdhiş sarsıntılara… düçar etməyin özü məgər cinayət deyilmi? Niyə adil dediyimiz, alilik kürsüsündə qaldırdığımız qanunlarımızda sadalaya bildiyim və bilmədiyim bu hallar təsbit olunmayıb? Haqq divanına qulluq edən qanunlar yalnız kəmiyyətləri təsbit edəcək, kəmiyyətlə mühakimə aparacaqsa və qətlin doğurduğu insan əzabları, insan faciələri kənarda qalacaqsa, insan sadəcə mənəvi-ruhi dünyası əlindən alınmış bir heyvana dönüşməyəcəkmi? Belə bir taleyi yaşayan və onu qəbul edən toplumun özü məgər tədricən sürüyə dönüşmək riski ilə yaşamağa məhkum deyilmi? Beləsə tiranlıq çiçəklərini yola bilməyən toplum gec-tez onun barını yemək riski ilə üz-üzə qalmırmı?
Ancaq içimdə ölümlə əlləşən, ona təslim olmaq istəməyən bir ümid boylanır. İnanıram ki, bu ümid ömrümün ağır yollarını sonacan mənimlə addımlayacaq. Bu, haqqın qalib gələcəyinə, ədalət divanının qurulacağına olan ümid və inamımdır. Düşünürəm ki, bu inamımın söykəndiyi sütun qüdrətlidir, sarsılmazdı. Mən 30 ildən artıq bir müddətdə Vətən torpağının necə şəhid məzarlığına çevirildiyini günlərlə, aylarla izləyənlərdənəm. Lakin dünyanın böyük güclərinin düşmən cəbhəsində dayandığı bu savaşda milli dövlətçiliyimizin və milli hərb tariximizin salnaməsinə ən parlaq, ən şərəfli və ən qürurverici səhifələr yazan, milli kimliyimi zəfər postamentinin ən uca pilləsinə qaldıran bir Sərkərdənin – Ali Baş Komandanımın yenilməz iradəsinin, qələbə əzminin də şahidiyəm və müasiriyəm. Mənim bu qüdrətə və bu gücə inamla yaşamaq haqqım var.
Mən bu Sərkərdənin xalqa düşmən kəsilən harınlığı və tiranlığı da Haqq divanına çıxarıb, onu layiq olduğu cəza və işgəncə zindanına zəncirləyəcəyinə inamla yaşayıram. 30 ildən sonra Ulu Yurdumuza qənim kəsilənləri bu haqq və ədalət divanına çıxarıb, tiranları cəza zindanına zəncirləyən bir siyasi iradənin bu haqq divanını içimizdəki tiranlığa qarşı quracağına da əminəm. İnanıram ki, bu siyasi iradə xalqıma ölüm maşınları quran tiranlığı da eyni əzmlə layiq olduqları cəza zəncirinə pərçimləyəcək.
Ey var-dövlətə güvənən tiranlıq, sizin gücünüz içinizdəki insanlıqda deyil, bu sərvətin içində yuvalanır. Mənim gücüm isə yanında olduğum dövlətimdə və onun haqq divanındadır.
Asif Bayramov