Türkiyədən tarixi gediş: Yaxın vaxtlarda ciddi addımlar atıla bilər

İtaliyanın “Nova Nyus” nəşri yazır ki, İtaliyanın paytaxtı Romada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Misirin xarici siyasət idarəsinin rəhbəri Sameh Şükrü arasında görüş keçirilə bilər. Məlumata görə, nazirlər bu gün və sabah Romada keçirilməsi planlaşdırılan “MED 2022 – Aralıq dənizi üzrə dialoqlar” toplantısına qatılacaq.

Türkiyə və Misir XİN başçılarının görüşünün keçiriləcəyi hələlik ehtimal olsa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın FİFA 2022 Dünya Çempionatının açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşməsi iki dövlət arasındakı münasibətlərdə müsbət tendensiyaların olduğunu göstərir.

Maraqlıdır, tərəflər arasında bu kimi təmasların qurulması iki ölkə münasibətlərini normallaşdıra biləcək?

Türkiyə və Misir münasibətləri əvvəlki kimi ola biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü bu yaxınlarda bəyan etdi ki, rəsmi Ankara ilə Misir arasında münasibətlərin qurulması prosesi iki ölkənin nazirlərinin görüşü ilə başlayacaq:

“Türkiyə Misirin mərhum Prezidenti Məhəmməd Mursinin 2013-cü ildə devrilməsindən sonra hakimiyyətə gələn general Əbdülfəttah əs-Sisini qanuni dövlət başçısı olaraq görmür və onun hakimiyyətini tanımaqdan imtina edib. O vaxtdan tərəflər səfirlərini məsləhətləşmək üçün geri çağırıblar. Misir isə daha radikal addım ataraq Türkiyənin Qahirədəki səfirini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib.

Lakin bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, Türkiyənin xarici siyasətində bir sıra dövlətlərlə münasibətlərin normallaşması prosesi son vaxtlar xüsusi diqqət çəkir. Təkcə Misir deyil, həmçinin Suriya və Ermənistanla münasibətlərdə də bu tendensiya müşahidə edilir. Əlbəttə, bu, təkcə xarici yox, həm də daxili siyasətə təsir edir. Belə ki, Türkiyədə prezident seçkiləri yaxınlaşır. Belə bir vaxtda Ərdoğanın apardığı siyasət daxili ictimai rəyin formalaşdırılması baxımından əhəmiyyətli rol oynaya bilər”.

Ekspertin sözlərinə görə, Misirlə münasiətlərin normallaşması Türkiyə üçün əhəmiyyətlidir:

“Həmçinin bu proses eyni dərəcədə Qahirə üçün də maraqlıdır. Çünki Ankara artıq nəinki regional, həm də qlobal oyunçudur. Odur ki, Misir Türkiyə ilə münasibətlərin normallaşması nəticəsində ancaq udar.

Bundan başqa, Türkiyə NATO ölkəsidir. Ankaranın Qərblə normal münasibətləri var. Deməli, Ankara ilə münasibətləri bərpa etməklə Qahirə də Qərblə olan münasibətlərini gücləndirə bilər.

Həmçinin nəzərə almaq lazımdır ki, Misir Suriya ilə dəniz sərhədi olan dövlətdir. Deməli, Misirlə diplomatik münasibətlərin bərpası hər iki tərəfin maraqlarına uyğundur. Düşünürəm ki, yaxın vaxtda bu istiqamətdə ciddi addımlar atıla bilər”.

Turan Rzayev
Globalinfo.az