Türkiyə-Rusiya münasibətləri pozula bilər – Gizli razılıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı mərhələnin başlamasını gözləyir.

İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasının ardınca Türkiyə Prezidentinin bu açıqlaması diqqət çəkib.

Kənan Novruzov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, F-16-lar ABŞ və Türkiyə arasında siyasi alış-veriş predmeti idi:

“Türkiyə bu günə qədər İsveçin NATO-ya üzvlüyünü ləngidirdi, çünki əsaslı səbəbləri var idi. Bunlardan ən birincisi İsveçin terrorçuları dəstəkləməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin bildirirdi ki, Avropa İttifaqına gedən yolun açılması şərti ilə İsveçin Alyansa üzvlüyü mümkün ola bilər.

Digər səbəblərdən biri də F-16-ların verilməsi ilə bağlıdır. Türkiyə İsveçin üzvlüyünü təsdiqləməklə NATO-nun genişlənməsinə şərait yaradır və buna görə Rusiya ilə münasibətlər korlana bilər. Ankara həm də Moskva ilə münasibətlərə xüsusi həssaslıqla yanaşdığı üçün İsveçin üzvlüyünü istəmirdi.

İndi razılıq verilməsinin səbəbi isə ehtimal ki, ABŞ-la ictimaiyyətə açıqlanmayan danışıqlardan qaynaqlanır. Yəni Vaşinqton F-16-ların verilməsinə razı olub. Əgər ABŞ məsələ ilə bağlı problem yaradarsa, tərəflər arasında gərginlik qaçılmaz olacaq”.

Safura Bənnayeva
Globalinfo.az