Türkiyə sosial mediasında Azərbaycanın İsraillə iqtisadi və siyasi əlaqələri növbəti dəfə tənqid olunub. Halbuki Türkiyənin özünün İsraildə uzun illərdir fəaliyyət göstərən şirkətləri var.
Globalinfo.az-ın araşdırmasına görə, bunlardan biri “Yılmazlar Construction Group”dur.
Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var.
Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib.
Yəni söhbət yalnız keçmişdə görülmüş işlərdən deyil, İsraildə bu gün də davam edən türk şirkəti fəaliyyətindən gedir.
Bununla yanaşı, Türkiyə ilə İsrail arasında illər ərzində böyük ticarət əlaqələri formalaşıb. Türkiyə Ticarət Nazirliyinin rəsmi məlumatına görə, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar olub.
Təbii, bu, aysberqin sadəcə görünən hissəsidir. Türkiyə ilə İsrail arasında dərin iqtisadi əlaqələrin olması zaman-zaman dünya mediasının da manşetində yer alır.
Bütün bunları nəzərə alanda, Türkiyədə müəyyən kəsimin İsrail üzərindən Azərbaycana qarşı qaralama kampaniyası aparmasının arxasında hansı niyyətlərin olduğunu təxmin etmək çətin deyil.
Əliyar Xəlil
Globalinfo.az


