whatsapp image 2024 04 16 at 102725

Yaxın Şərq və Qırmızı dəniz hövzəsindəki geosiyasi dinamika dünyanın diqqətini bu istiqamətə yönəldib. Səudiyyə Ərəbistanı, Türkiyə və Misir arasında yaxınlaşmanın fonunda BƏƏ, İsrail və Efiopiya xəttində formalaşan əməkdaşlıq maraqla izlənilir.

Ekspertlər regionda enerji marşrutları, dəniz yolları, Afrika Buynuzu və Nil hövzəsi üzərində artan rəqabətin yeni siyasi konfiqurasiyalara zəmin yaratdığını bildirirlər. Bununla belə, müşahidəçilər proseslərin sərt blok qarşıdurmasından çox, maraqlar üzərində qurulan çevik və dəyişkən ittifaqlar formatında inkişaf etdiyini vurğulayırlar.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Yaxın Şərq və Şimal-şərqi Afrika geosiyasətində bu cür bloklaşma ssenarisi son dərəcə maraqlı və mürəkkəbdir:

“Hazırda regionda sabit, rəsmi hərbi ittifaqlar olmasa da, maraqların toqquşması bu iki xətti tez-tez üz-üzə gətirir. Türkiyə-Səudiyyə Ərəbistanı-Misir birliyi olduqca maraqlı və regionun əsas gücüdür. Türkiyə öz hərbi sənaye potensialına, Səudiyyə Ərəbistanı maliyyə qaynaqlarına, Misir isə güclü insan resurslarına və tarixiliyinə görə regionda əhəmiyyətli rola malikdir. Bu dövlətlərin birlikdə hərəkəti bölgədə ümumi güc balansını əsaslı şəkildə dəyişdirir. Ancaq BƏƏ-İsrail-Efiopiya ittifaqı da olduqca əhəmiyyətlidir.

BƏƏ və İsrail texnologiya, kəşfiyyat və maliyyə gücünü birləşdirərək köhnə tarazlıqları dəyişmək istəyir. Efiopiya isə Nil suları üzərindəki layihələri ilə Misirə qarşı təbii müttəfiq kimi bu tərəfə meyil edir. Bu qüvvələr arasında bir neçə istiqamət də münaqişə mövzudur. Nil çayı Misir üçün “ölüm – qalım” məsələsidir. Türkiyə və Səudiyyə Ərəbistanı Misirin burdakı hüquqlarını tanıyır. Efiopiya isə ərazidə “Böyük İntibah” bəndi tikir. Misir belə bir addıma kəskin qarşıdır. Layihənin əsas investoru isə BƏƏ-dir. Türkiyə-Misir-Səudiyyə Ərəbistanı ittifaqı Qırmızı dəniz, xüsusilə Süveyş kanalı istiqamətində tam nəzarət istəyirlər. Ancaq İsrail buna qarşı çıxır. Təl-Əviv dənizə sərbəst çıxışını qoruyub saxlamaq niyyətindədir. BƏƏ isə burada liman şəbəkəsi qurmağı hədəfləyir”.

zeynal serh
Zeynal Əmrəliyev

Politoloq bildirib ki, hər iki ittifaq Somali və Sudanda da toqquşur:

Türkiyə Somalidə hərbi bazaya malikdir və bu dövlətin əsas müttəfiqidir. Misir də bir müddət əvvəl Somali ilə hərbi pakt bağlayıb. BƏƏ isə son vaxtlar separatçı bölgə olan Somalilendə investiya qoyur. Eyni zamanda Efiopiyayanın Somaliyə qarşı olan iddialarını da dəstəkləyir.

İsrail də bu seperatçı rejimə fəal hərbi və kəşfiyyat dəstəyi verir. Hətta bu yaxınlarda onu rəsmən tanıdı. Güclü olduğu qədər hər iki tərəfin zəif tərəfləri də var. Türkiyə-Misir-Səudiyyə Ərəbistanı blokunda keçmişdə olmuş “Qərar böhranı” və Müsəlman Qardaşları ilə bağlı məsələlərə görə müəyyən ziddiyyətlər mövcuddur. BƏƏ-İsrail-Efiopiya bloku isə coğrafi olaraq parçalanmış və ərazi olaraq olduqca kiçik ölkələrdən ibarətdir ( Efiopiya istisna olmaqla ). Eyni zamanda Qəzza məsələsinə görə BƏƏ İsraillə ehtiyyatlı davranmağa çalışır. Hazırda Səudiyyə Ərəbistanını faktiki idarə edən şahzadə Məhəmməd bin Salman bütün diplomatik gücünü işə salaraq BƏƏ-ni bu blokdan qoparmaq istəyir, onunla maksimum iqtisadi tərəfdaşlıq qurmağa çalışır. Bu iki blok arasında münasibətlər daha çox soyuq müharibə dövrünü xatırladır. Tərəflər daha güclü iqtisadi rəqabət içindədirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: