07e93140 17f7 11f1 b048 c9424b2cf5fd.jpg

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu səmtində cansız bədənləri tapılan ana və qızı ilə bağlı ortaya çıxan detallar ölkədə rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, ananın iki il öncədən həyat yoldaşı, Qurana Xidmət Vəqfinin rəhbəri Ayhan Şəngülərdən məhkəməyə şikayət ünvanladığı bildirilir.

Belə ki, ana Fatmanur Çelik özünün Ayhan Şəngülər tərəfindən illər öncə vəqfdə təcavüzə məruz qaldığını və ailəsinin təkidi ilə onunla evləndirildiyini bildirib. Qadın evlilik müddətində həyat yoldaşının şiddət və istismarına məruz qaldığını söyləyib. Həmçinin A.Şəngülərin öz qızı Hifa İkra Şəngülərə qarşı da eyni hərəkətləri etdiyini deyib.

Fatmanur Çelik həyat yoldaşının qızını 3 yaşından 8 yaşına kimi cinsi istismar etdiyini öyrəndiyini və bundan sonra polisə, məhkəməyə şikayət ünvanladığını söyləyib. Ana qızının tibbi müayinələrdən keçdiyi və başına gələnləri təsdiqləyən sənədlər olmasına, həmçinin övladının da şikayət əsasında ifadə verməyinə baxmayaraq məhkəmənin uzadıldığını bildirib.

F.Çelikin vəkili onun son iki ildə məhkəmədə mübarizə aparıdığını, hətta aclıq aksiyası keçirdiyini söyləyib. Sosial şəbəkələrdə Fatmanur Çelikin ötən ay məhkəmənin 5 maya ertələnməsinə etiraz etdiyi görüntülərini yayılıb. Çelik görüntülərdə deyir:

“Günahkar niyə hələ də azadlıqdadır? Biz öldürüldükdən sonra ədalətin yerini tapmasını istəmirəm. Məni intihara sürükləyirlər. Başıma bir şey gəlsə, “intihardır” deməyin. Mayın 5-nə qədər həyatda qala biləcəyimizi düşünmürəm. Özüm üçün heç bir şey istəmirəm, övladım üçün mübarizə aparıram. Amma intihar etməyimi istəyirlər”.

Ana və qızının cənazə mərasimində Fatmanurun ailəsi ilə dəstəkçiləri arasında gərginlik yaşanıb. Qadının vəkili və digər dəstək olan qadınlar tabutları kişilərin daşımasına icazə verməyib və özləri daşıyıblar.

Hadisə ilə bağlı araşdırma davam edir.

Görüntüləri təqdim edirik:

Fatmanur Çelikin yanvar ayında məhkəmənin 5 maya ertələnməsi qərarından sonra verdiyi açıqlamanı təqdim edirik:

 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: